Xəbər - Elnur Bağışov – Trend:
İran və Azərbaycan arasında münasibətlər bütün sahələrdə strateji səviyyəyə yüksəlib.
AzerTimes xəbər verir ki, bunu İran Prezident Aparatının rəhbəri Mahmud Vaezi Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi heyəti ilə görüşdə deyib.
M.Vaezinin sözlərinə görə, bu münasibətləri nəzərə alaraq birgə proyektlər, xüsusilə enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı və turizm sahələrindəki layihələrin icrasını sürətləndirmək lazımdır ki, gələn iki ay ərzində razılaşmalar üzrə yekun nəticələr əldə olunsun.
Vaezi əlavə edib ki, İran bütün həssas dönəmlərdə Azərbaycan xalqı və dövlətinin yanında olub və iki ölkə və xalqları arasında sıx münasibətlər mövcuddur.
İranlı rəsmi qeyd edib ki, iki ölkə münasibətlərində əhəmiyyət kəsb edən ideyalar müəyyənləşməli və icra olunmalıdır ki, xalqlarımız bir-birinə sıx bağlanmış olsun.
Vaezi bildirib ki, koronavirus pandemiyasının dünya ölkələrinin ticarət münasibətlərinə müxtəlif maneələr yaratmasına baxmayaraq, bu dövrdə iki ölkənin ticarət dövriyyəsi 27% artıb və iki ölkə arasında tranzit bir gün belə dayanmayıb.
Qeyd edək ki, İran Gömrük Administrasiyasının statistikasına əsasən, ötən İran ilində (20 mart 2020 -20 mart 2021) İran Azərbayana təxminən 511 milyon dollar dəyərində 1,08 milyon ton məhsul ixrac edib. Qeyd olunan müddətdə İran Azərbaycandan 76,1 milyon dollar dəyərində 28,4 min ton məhsul idxal edib.