İran terrora hər il bu qədər xərcləyir – Faktlar

İran terrora hər il bu qədər xərcləyir – Faktlar

İran adına törədilən terror aktlarının əksəriyyəti Hizbullah və HƏMAS tərəfindən təşkil edilir, SEPAH (İran İnqilab Keşikçiləri Korpusu) isə onlara dəstək verir. Amma faktlar göstərir ki, terror aktlarının planlaşdırılması və gerçəkləşdirilməsi üçün İranın bütün mərkəzi dövlət qurumları əlaqələndirilmiş formada çalışır, vahid bir mexanizm halında birləşirlər.

AzerTimes xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev deyib.

O bildirib ki, İran terror qruplarına hər il 16 milyard dollar vəsait ödəyir:

“1979-cu ildən etibarən İranda dövlət maraqlarının təmin edilməsi üçün terror aktlarından istifadəyə rəsmən razılıq verilib. ABŞ Dövlət Departamenti tərəfindən tərtib edilən, “Beynəlxalq qanunları pozan İran rejiminin dağıdıcı hərəkətlərinin tarixi” adlı 48 səhifəlik hesabatda göstərilir ki, İran hər il Suriya, Yəmən və İraqda terror aktlarının gerçəkləşdirilməsi üçün ən azı 16 milyard dollar vəsait xərcləyir”.

Alim İranın terror dövləti olmasını sübut edən faktları bu cür sıralayıb:

1. “Hüseyniyyun” terror təşkilatının axtarışda olan və Azərbaycanda onlara cinayət işi açılmış üzvləri – Orxan Məmmədov, Tohid İbrahimbəyli, İsgəndər Hüseynzadə və Rövşən Əsədovu himayə edir;

2. 1985-ci ildən sonra Suriya ilə münasibətləri korlanan ASALA Bekaa vadisindəki silahlılarını İrana köçürüb. ASALA İranla əlaqələrini daha da irəli apararaq Beyrutda Amerika və Fransa əsgərlərinə qarşı bombardmanlar həyata keçirən radikal şiə Xomeyni tərəfdarı tərəfindən qurulan “İslami Cihad” terror təşkilatını dəstəklədiyini açıqlayıb;

3. ASALA və Hizbullaha rəsmi dəstək verir. ASALA İranda dini çevriliş etmiş Xomeyninin Fransada sürgündə yaşadığı Neauphle le Chateau kəndində mühafizə edib. Onu İrana gətirən təyyarədə qoruyub və bu günə qədər də İran dini lderlərinin mühafizələrin həyata keçirir;

4. İranın yeni Prezidenti İbrahim Rəisi “Ayətullah Edam” ləqəbi ilə tanınır və həbsxanalarda azərbaycanlıların dindirləməsində birbaşa özü iştirak edib. O, məhbuslara tövbə etməyi təklif edir, tövbədən imtina edən məhbusları başqalarından ayırırdı. Bununla da minlərlə günahsız məhbus qısa bir zaman kəsiyində güllələnib və ya dar ağacından asılıb. Edam edilənlərin cəsədləri isə gecələr yük maşınlarında iri şəhərlərin ətrafında qazılmış kütləvi məzarlıqlara daşınaraq gizli şəkildə basdırılıb;

5. İran ənənəvi türk düşmənçiliyi və regionda növbəti güc olmaq şansı əldə etmək üçün PKK-ya silah, pul dəstəyi verir və onların əməliyyatlarına hərbi kömək edir;

6. 1992-ci ilin may-iyun aylarında İrandan Ermənistana keçən 40 terrorçu keçmiş Dağlıq Qarabağa yönəlir, burada Ağdərə və Ağdam istiqamətlərində Azərbaycana qarşı vuruşur, dinc əhaliyə qarşı xüsusi vəhşilik və amansızlıqları ilə seçilirlər;

7. İranda islam inqilabı edən Ruhullah Mustafavi Musəvi Xomeyni Fransada kəşfiyyat orqanları tərəfindən hazırlanan zaman onun qarşısında duran planlardan biri də Azərbaycan məsələsi olub. Xüsusilə Sovetlərin nəzarətində olan Şimalı Azərbaycan Fransa və gələcək İranın dini rəhbəri olan Ruhullah Mustafavi Musəvi Xomeyninin diqqət mərkəzində idi. Hələ İranda hakmiyyətə gəlməzdən öncə Azərbaycanla bağlı gələcək İranın strategiyasına daxil idi:

• Azərbaycanda ziyalılara qarşı terror törətmək

• Azərbaycanda partlayışlar etmək

• Dini təhsil adı altında Quma azərbaycanlıları apararaq terrorçu yetişdirmək.

8. Qara bazara çıxarılan orqanların satışında adı keçənlər içərisində İranda Xomeyni Xəstəxanası da var. Bu xəstəxana İranda bəzi xəstəxanalar kimi insan orqanlarının çıxarılması və xarici qara bazarlarda satılması ilə tanınıb. Birinci Qarabağ müharibəsi dövründə 100-dən çox azərbaycanlı əsir və girovun – içində 25-i uşaq olmaqla – orqanları Fransa vasitəsilə qara bazarda satılıb;

9. İranın təşkil etdiyi terror aktları:

• 1980-ci ildə Livanda 14 nəfər amerikalı daxil olmaqla, çoxsaylı Qərb mütəxəssisləri oğurlanıb. Araşdırmalar zamanı müəyyən edilib ki, onlar İrana bağlı Hizbullah qruplaşması (“Allahın partiyası”- Livanın şiə kökənli siyasi partiyası) tərəfindən girov götürülüblər. Girovlar 1980-ci illərin ortalarında “İran-Kontra mövzusu” üzrə aparılan məxfi danışıqlarda İranın mövqeyini gücləndirmək üçün vasitə kimi istifadə ediliblər;

• 18 aprel 1983-cü ildə ABŞ-ın Beyrutdakı səfirliyinə kamikadze hücumu təşkil edilib. Yük maşınından istifadə etməklə törədilən partlayışlar nəticəsində 17 amerikalı daxil olmaqla, 63 nəfərin həyatına son qoyulub. Bundan 6 ay sonra – 1983-cü ilin oktyabrında Beyrutun hava limanında törədilmiş partlayış nəticəsində Livanda sülhməramlı qüvvələr kimi yerləşdirilmiş, müxtəlif millətlərə məxsus 241 dəniz piyadası öldürülüb;

• 1984-cü ildə ABŞ-ın Livandakı səfirliyinin binasında kamikadze özünü partladıb. Nəticədə 2-si amerikalı olmaqla, 23 nəfər həlak olub. 1984-cü ildə isə Beyrut Amerika Universitetinin prezidenti Malkolm Kerri terror aktı ilə öldürülüb;

• 1984-cü ilin mart ayında Hizbullah Beyrutda Mərkəzi Kəşfiyyat İdarəsinin zabiti Uilyam Baklini oğurlayıb. Bir ildən çox müddətdə işgəncə verdikdən sonra, 1985-ci ildə onu qətlə yetirib;

• 1988-ci ilin fevralında Birləşmiş Millətlər Təşkilatının Livanda atəşkəsə nəzarət missiyasında xidmət edən dəniz zabiti polkovnik Uilyam Higginsi oğurlanıb və 1989-cu ildə öldürülüb;

• 1985-ci ilin iyun ayında Hizbullah qruplaşmasının üzvləri İranın maddi-texniki dəstəyindən faydalanaraq, Afinadan (Yunanıstan) TWA 847 saylı reys üzrə uçan təyyarənin heyətini qaçırıb qətlə yetiriblər. 1985-ci ilin dekabrında, həmçinin, 1986-cı ilin sentyabrında isə Parisdə partlayışlar həyata keçiriblər. Bu teraktlar üçün logistik dəstəyi İranın dövlət strukturları göstəriblər. Nəticədə 12 nəfər ölüb, 200 nəfərə yaxın şəxs yaralanıb;

• İran agentləri 1989-cu ilin iyul ayında Vyanada (Avstriya) İran kürdlərinin liderini və daha iki nəfəri qətlə yetiriblər. Eyni üsulla, 1991-ci ilin avqust ayında Fransada İran rejiminə müxalifət olan hərəkatın liderlərindən biri – İranın keçmiş baş naziri Şapur Bəxtiyarı öldürüblər. 1992-ci ilin sentyabrında Berlində dörd nəfər İranlı dissident qətlə yetirilib. Bu qətllərdə şübhəli bilinən 4 nəfər SEPAH agenti 1997-ci ildə ələ keçirilərək mühakimə olunublar;

10. 2012-ci il Bakıda keçirilən “Avroviziya” mahnı müsabiqəsi zamanı İran terror planlaşdırırdı. Azərbaycan-İsrail arasında təhlükəsizlik sahəsindəki əməkdaşlıq nəticəsində bu terrorun qarşısı alınmışdı.

Teqlər: