İran tələsir: Tehran səfirliyimiz açılmalıdır? – Ekspert

İran tələsir: Tehran səfirliyimiz açılmalıdır? – Ekspert

İran çox çalışır ki, Azərbaycan Tehrandakı səfirliyin fəaliyyətini bərpa etsin. Əlbəttə ki, biz də bunu istəyirik. Çünki İran qonşu ölkədir və münasibətlərdə müəyyən suallar olsa da, orada səfirliyin fəaliyyətini davam etdirməsi hər iki tərəf üçün faydalıdır. Digər tərəfdən səfirliyimiz olmadığı üçün erməni lobbisi, diasporu ölkəmiz əleyhinə orada işlər aparır. Lakin bütün hallarda Azərbaycanın qaldırdığı sualların cavabları verilməlidir.

Bu sözləri AzerTimes-a açıqlamasında siyasi şərhçi Elxan Şahinoğlu deyib.

“Birincisi, terrorçunun məhkəmə işi yekunlaşdırılmalıdır, ikincisi, terrorçunun özbaşına, yaxud başqa birinin əmri ilə hərəkət edib-etmədiyi üzə çıxmalıdır, üçüncüsü isə İran səfirliyimizin təhlükəsizliyinə təminat verməlidir. Çünki terror aktının görüntülərindən də bizə polisin hadisəyə müdaxilə etmək yerinə onu kənardan izlədiyi məlum oldu. Bunlar Azərbaycanda çox ciddi suallar yaradır. Bütün hallarda İran qonşu ölkədir, onunla əməkdaşlıqdan imtina edə bilmərik və dövlətimiz sadaladığımız məsələlərə cavab verilməsi şərti ilə səfirliyin fəaliyyətinin bərpa olunmasına razılıq verər. Digər tərəfdən ötən ilin oktyabrında İranın ərazisindən keçməklə Şərqi Zəngəzur ilə Naxçıvan arasında dəmir yolu xəttinin tikintisi haqqında niyyət protokolu imzalanıb. Fikrimcə, İranın səfirliyimizin açılması istiqamətində təkidlərinin artmasının əsas səbəblərindən biri də budur”, – ekspert bildirib.

Qeyd edək ki, dünən Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ceyhun Bayramov və Hüseyn Əmir Abdullahian arasında görüş keçirilib. Görüş zamanı nazirlər Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu törədən şəxsə qarşı məhkəmə hökmündən sonra səfirliyimizin işinin bərpası istiqamətində addımlar barədə fikir mübadiləsi aparıblar.

Abdullahian isə Azərbaycanın diplomatlarını geri qaytarmaq istiqamətində addımlar atmağa razılaşdığını açıqlayıb.

Teqlər: