İran Təhlükəsizlik Şurasının yeni sədri kimdir?

İran Təhlükəsizlik Şurasının yeni sədri kimdir?

İran kimi rejimlərdə vaxtaşırı vəzifə dəyişikliyinin bir o qədər də mənası olmur. İranın Ali Təhlükəsizlik Şurasının sədri Əli Şamxaninin vəzifədən getməsi də adi bir haldır.

Bu sözləri AzerTimes-a güneyli siyasi icmalçı Əli Rza Ərdəbili İranda baş verən son kadr dəyişikliyi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Təhlükəsizlik Şurasına yeni təyin olunan Əli Əkbər Əhmədian Şamxani qədər rejimə yaxın şəxslərdəndir:

“Şamxani ərəb şiələrindən idi. Lakin ərəb millətinə bir o qədər də bağlılığı yox idi. Özünü rejimin bir parçası hesab edirdi. Eləcə də Əli Əkbər Əhmədian rejimin içindən gələn və yetişdirilərək bu pilləyə çatan şəxslərdən sayılır. Yeni sədr Qasım Süleymani ilə yerlidir. Ola bilsin, bu məsələ İranın mafiya rəhbərliyində önəm daşıyır. Şamxaninin yerinə Əhmədianın gəlməsi sıradan bir vəzifə dəyişikliyidir. Sovet dövründə köhnə kadrları yeniləri əvəz edəndə insanlar ümidlənirdi ki, yaxşı olacaq. Sistemin işləməməsinin günahını vəzifədən gedən şəxsdə axtarırdılar. Lakin sonradan görürdün ki, işdən çıxan şəxs başqa yüksək vəzifəyə təyinat alıb”.

Siyasi şərhçi yeni təyin olunan Ali Təhlükəsizlik Şurasının sədrinin tərcümeyi-halından da danışıb:

“Yeni katib Əli Əkbər Əhmədian 1959-cu ildə Kirman vilayətində anadan olub. Müharibə dövründə fərqli vəzifələri icra edib. Tehran Universitendə diş həkimliyini bitirib. 2007-də həm Amerika, həm də Avropa tərəfindən sanksiya siyahısına salınıb. Buna baxmayaraq, İrandan xaricə səfər etməsinə icazə verilən rejiminin 23 məsul şəxsindən biridir. Müharibə dövründə İranın dəniz qoşunlarının ali komandanı idi. Müharibə başlayan kimi orduya və SEPAH-a daxil oldu. Bir çox hərbi əməliyyatlarda olub. Məsləhət Şurasının üzvüdür”.

Teqlər: