İran təbliğatçılarının tez-tez hədə-qorxu gəlmək üçün söylədiyi məşhur bir aforizm var: “Torpaq yeyərik, amma torpaq vermərik”. Mollalar bu ifadədən ilk dəfə İran-İraq müharibəsi zamanı istifadə ediblər.
AzerTimes xəbər verir ki, bu barədə yazan ekspert Heydər Oğuz maraqlı bir tarixçə xatırladıb.
O bildirib ki, bu ifadənin indiki molla rejiminə heç bir aidiyyəti yoxdur və onlar bu kəlamı bizdən oğurlayıblar:
“Bu ifadə ilk dəfə 1905-ci ildə Qacarlar hakimiyyəti dövründə mühasirəyə alınmış Təbrizdə bir türk anası tərəfindən dilə gətirilib.
“Səttar xanın xatirələri antologiyası” kitabında bu barədə dəlil var. Kitabda Azərbaycanın Məşrutə Hərəkatının rəhbəri Səttar xan yazır: “Təxminən 9 aya yaxındır ki, mühasirə (Təbrizin mühasirəsi) altındaydıq… Yeməksiz-içməksiz, paltarsız… Düşərgədən çıxdım… Qucağında uşaq olan bir qadınla rastlaşdım. Gördüm ki, uşaq anasının qucağından enib çəmənə doğru getdi. Aclıqdan otu kökündən qoparıb torpaqlı-torpaqlı yeməyə başladı. Öz-özümə dedim ki, indi o uşağın anası məni söyür və fikirləşir: “Allah Səttar xana lənət etsin, bizi bu günə salan yerdə”. Amma ana uşağın yanına gəlib onu qucaqladı və dedi: “Eybi yox, balam. Biz torpaq yeyərik, amma torpaq vermərik”. Elə o zaman həyatımda ilk dəfə gözdən yaş axdı”.