İran və Əfqanıstan arasında Sistan və Bəlucistan bölgəsində Hirmənd çayına görə tarixi kökü olan su problemi var. 1970-ci ildə iki ölkə arasında su anlaşması olub. Bəzən bu razılıq pozulur və su probleminə görə mübahisələr davam edir.
Bu sözləri AzerTimes-a Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi İran və Əfqanıstan arasında baş verən son hadisələri şərh edərkən deyib.
Cavadi bildirib ki, Tehran Talibanı İrana suyu az buraxmaqda günahlandırır:
“Taliban isə ölkəsində quraqlıq olduğunu və İrana kifayət qədər su verə bilməyəcəyini bildirir. Neçə gün idi ki, bu məsələ söz davası olsa da, İran Prezidenti Rəisi onları açıq şəkildə təhdid etdi və məsələ daha da gərginləşdi. İranın bir neçə sərhəd mühafizə qüvvəsinin əsir alındığı xəbərləri də yayıldı. Onların arasında yüksək rütbəli zabit də var. Sərhədçilər arasında silahlı toqquşma olduğu bildirilir. Hər iki tərəf bi-birini atəş açmaqda suçlayır. Vəziyyət gərgin olaraq qalır və növbəti günlər hadisələrin inkişafına baxmaq lazımdır. Böyük bir məsələyə çevriləcəyini sanmıram, yəqin ki, nəzarət altına alınacaq. İran-Əfqanıstan sərhədində belə kiçikmiqyaslı münaqişələr çox yaşanıb”.
Məcid Cavadi İranda su böhranı ilə bağlı məsələnin hökumətin əsas problemlərindən biri olduğunu diqqətə çatdırıb:
“İranda su ciddi problemdir. Qurumayan çay, göl qalmayıb. Ölkə ciddi quraqlığa doğru gedir və bu da iqtisadiyyata mənfi təsirlərini göstərir. Bəlkə, başqa ölkələrdə su məsələsi ciddi problem kimi görsənməyə bilər, lakin İranda dərin və kritik məsələdir”.