Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyədə baş verən zəlzələyə görə Ankaraya başsağlığı verməsi erməni politoloqları tərəfindən birmənalı qarşılanmayıb. Əksər politoloqlar Paşinyanı “erməni Villi Brandt” (Almaniya Federativ Respublikasının federal kansleri, Nobel sülh mükafatı laureatı – red.) adlandıraraq, onun başsağlığı verməsini ələ salıblar.
“Ermənistanın Baş naziri niyə Türkiyəyə başsağlığı verir? Niyə Ankaraya kömək təklif edir?! Bu suala ancaq Paşinyanın özü cavab verə bilər. Ümumiyyətlə, Türkiyəyə bir kəlmə də başsağlığı verilməməlidir. Yalnız Suriya. Çünki orada ermənilər də ölüb. Amma Türkiyədə erməni ölməyib. Buna baxmayaraq, Paşinyan özünü böyük siyasətçi kimi aparır. Baxın, müsəlman İran Türkiyədə baş verənlərə qətiyyən reaksiya vermədi”.
AzerTimes xəbər verir ki, bunu erməni politoloqu Qalust Qriqoryan deyib.
“Türkiyə rəsmi Bakını hər zaman dəstəkləyir. Xüsusilə də Qarabağ mövzusunda. Bəs Ermənistan Türkiyəyə kömək edərkən bütün bunları niyə unutmalıdır?! Üstəlik, Ermənistanın heç kimə sırf simvolik yardım etmək imkanı belə yoxdur. Ölkəmizin özünün köməyə ehtiyacı var. Birdəfəlik deyil, tam və daimi. Türkiyəyə kömək edənlər onsuz da var”, – o bildirib.