İran Şuşa Bəyannaməsinə “alternativ” hazırlayır?

İran Şuşa Bəyannaməsinə “alternativ” hazırlayır?

Paşinyan onu müşayiət edən böyük nümayəndə heyəti ilə İrana səfər edib. Diqqət çəkən məqamlardan biri səfərin Soçi görüşündən dərhal sonra gerçəkləşməsidir.

Bu sözləri AzerTimes-a Ermənistan Baş naziri Nikol Paşinyanın İran səfəri haqqında danışan İran üzrə ekspert Kərim Əsgəri deyib.

Ekspert bildirib ki, son aylar bölgədə İranın aktivləşdiyi və Ermənistanla əlaqələri daha da sıxlaşdırdığı müşahidə edilir:

“İran 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpasından bir gün öncə Azərbaycan sərhədində təlimlərə başladı. Keçirilən təlimin əsas məqsədi rəsmi Bakıya mesaj vermək və onu hədələmək idi. Hətta ordu Araz çayı üzərindən keçməyi də məşq etdi. 21 oktyabrda isə İran Qafanda tezbazar baş konsulluq açdı, Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi elan etdi və s. Qarşılıq olaraq da Ararat Mirzoyan Təbrizdə konsulluq açmaq istəklərini dilə gətirdi.

Düşünürəm ki, indiki səfərdə sözügedən məsələ gündəmə gələcək. İran ilk Qarabağ müharibəsində olduğu kimi, sonuncu müharibə zamanı da Ermənistanı dəstəklədi. Azərbaycanın İranla sərhədini tamamilə işğaldan qurtararaq öz nəzarətinə götürməsi Tehranı vahiməyə salıb. İran Zəngəzur dəhlizinin açılması ilə Türkiyə və türk dünyasının birləşəcəyindən qorxur. Hətta İranda tanınmış simalar da vaxtilə bunu özləri etiraf ediblər. Məsələn, Hizbullah terror təşkilatının ilk baş katibi Şeyx Sübhi Tüfeyli qonaq olduğu proqramda 1981-1997-ci illərdə İranın xarici işlər naziri olan, hazırda isə Ali dini lider Xameneinin baş məsləhətçisi vəzifəsini tutan Əli Əkbər Vilayətidən niyə Azərbaycana yox, Ermənistana dəstək verdiklərini soruşduğunu deyib. Cavab isə belə olub: “Ermənistan Türkiyənin sərhədindədir və biz Türkiyənin Türkmənistan, Özbəkistan, Azərbaycan və digər dövlətlərlə əlaqə qurmasını əngəlləməliyik. Biz Türkiyəyə qarşı Ermənistanı dəstəkləyirik”.

Bax, əsas məsələ də budur. İran uzun müddətdir ki, bu siyasəti davam etdirir. Əgər diqqət edirsinizsə, səfər Rəisinin dəvəti ilə gerçəkləşir. İran siyasi, iqtisadi və hərbi əlaqələri gücləndirməklə Ermənistanı ayaqda saxlamağa çalışır. Ötən il Türkiyə və Azərbaycan Şuşa Bəyannaməsini imzalamaqla geosiyasi balansı böyük ölçüdə öz xeyrinə dəyişib. İran isə bundan tamamilə narazıdır. Ona görə də Şuşa Bəyannaməsinə qarşılıq olaraq indi anlaşma memorandumu imzalamağa çalışırlar. Ancaq rəsmi Tehran İranda 40 milyonluq Azərbaycan türkləri faktorunu heç vaxt unutmamalıdır. Güclü görünmək istəyi ilə güclü olmaq arasında böyük fərq var. Dövlət və hökumət beynəlxalq və regional səviyyədə atdığı addımlarda xalqa söykənəndə güclü olur. İranın isə indi etdiyi güclü görünməyə çalışmaqdır”.

Teqlər: