Ermənistanla Azərbaycanın sərhəd məsələsi kənar müdaxilə olmadan həll edilməlidir.
AzerTimes xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva deyib.
“Məlum olduğu kimi, Azərbaycan Respublikası özü işğala və təcavüzə məruz qalan ölkədir. Ermənistan tərəfi zordan istifadə edərək, Azərbaycan Respublikasının ərazilərinin iyirmi faizini, o cümlədən İran ilə sərhədimizin 132 km-ni işğal etmişdir. 30 il ərzində İran tərəfi sərhədlərin zordan istifadə edilərək dəyişdirilməsinə hər hansı bir münasibət bildirməmişdir. Hazırda İran tərəfindən səsləndirilən bu kimi bəyanatların ünvanı bəlli deyil”, – XİN rəsmisi qeyd edib.
L.Abdullayeva vurğulayıb ki, Azərbaycan və Ermənistan liderlərinin Moskva və Brüsseldə keçirilən görüş formatları mövcuddur:
“Bu formatlarda danışıqlar davam edir. Bu formatlarda aparılan danışıqlar çərçivəsində hər iki tərəfin razılığı ilə dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası təsis edilmiş və onun tərkibi razılaşdırılmışdır”.