İranın Ermənistandakı səfiri, hər zaman ermənilərin yanında olduğunu nümayiş etdirməkdən xüsusi zövq alan Mehdi Sübhaninin “Azadlıq” radiosuna müsahibəsində Qarabağla bağlı işlətdiyi ifadələr erməni mediasının manşetinə daşınıb.
AzerTimes xəbər verir ki, Mehdi Sübhani Qarabağda vaxtilə yaşamış ermənilərin “hüququları”na hörmət edilməsi gərəkdiyini bildirmişdi.
“Qarabağın erməni sakinlərinin hüquqlarına hörmət edilməlidir. Bu məsələ yara kimidir və bu yaranın sağalmasına ehtiyac var”, – o, müsahibəsində deyib.
İranşünas Vardan (Vartan) Voskanyan isə səfirin bu sözləri İran dini lideri Əli Xameneinin 2020-ci il bəyanatını rəhbər tutaraq dilə gətirdiyini vurğulayıb. O qeyd edib ki, Xameneinin 44 günlük müharibənin son günlərində Qarabağ ermənilərinin “təhlükəsizliyinin təmini” ilə bağlı bəyanatına diqqət yetirilməyib.
“İndi Qarabağ ermənilərinin geri qaytarılması və təhlükəsizliyin təmin edilməsi məsələsini irəli sürən (yalnız) İrandır, onsuz sabit sülhə nail olmaq mümkün deyil. Şübhə yoxdur ki, bizim İranda güclü müttəfiqimiz var ki, bu da bu məsələni fəal şəkildə təbliğ etmək üçün əlavə imkan yaradır”, – Voskanyan qeyd edib.
İran Göyçə, Dərələyəz, Qərbi Zəngəzurdan qovulan 300 minə yaxın azərbaycanlının geri qaytarılması və onların təhlükəsizliyinin təmini ilə bağlı 30 ildə bircə dəfə də olsun, açıqlama verməyib. Azərbaycanlıların soyqırıma məruz qalmasına, öz torpaqlarından qovulmasına, hətta 800 min insanın Qarabağdan didərgin salınmasına illərlə dəstək verən, Ermənistanın işğal siyasətini davam etdirməsinə yardımçı olan İranın səfirinin indi “Qarabağ erməniləri”nin “hüquqlarından” danışması Tehranın regionda sülhün təmin edilməsi istiqamətində atılan addımlara qarşı gedişi, revanşist qüvvələri ruhlandırması, münaqişəni dərinləşdirmək cəhdidir.
Ermənistan İranın milli təhlükəsizliyi ilə bağlı çağırışlarına əhəmiyyət belə vermir: Tehran regiona kənar qüvvələrin gətirilməməsi ilə bağlı dəfələrlə ifadə etdiyi mövqeyi vecinə belə almayan Paşinyan AB missiyasını sərhədə yerləşdirməklə bərabər, həm də ABŞ-la birgə təlimlərin sayını artırıb. Artıq Ermənistanda yalnız AB-nin “mülki missiyası” yox, həm də ABŞ və Kanada qüvvələri yerləşib. İran buna görə Ermənistana narazılığını bildirsə də, “qardaşından” əl çəkmir, Ermənistanı işğalçı siyasətə təhrik edir, yeni münaqişə ocağı formalaşdırmağa çalışır və Azərbaycanın milli təhlükəsizliyini təhdid edən mövqe sərgiləməyə davam edir.