Xarici İşlər Nazirliyi Şuşada Azərbaycan dövlətinin icazəsi olmadan Yuxarı Gövhər ağa məscidinin təmiri ilə məşğul olan “Part Saman Cahan Co” (İran) şirkətinin fəaliyyətinə etiraz bildirib.
İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə də Xarici İşlər Nazirliyinə çağrılıb və sözügedən şirkətin qanunsuz fəaliyyətinin qarşının alınmasının zəruriliyi bildirilib.
Azərbaycan Cavad Cahangirzadənin qarşısında sərt tələblər qoydu.
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan tərəfi ümid edir ki, Ermənistan bu kimi təxribatçı və riyakar addımlarla Azərbaycan və İran arasındakı əlaqələrə xələl gətirmək kimi qərəzli məqsədlərinə nail olmayacaq: “Nəzərə almaq lazımdır ki, Ermənistan bu kimi əməlləri ilə İslam ölkələri arasında fitnə-fəsad yaratmaq və İslam birliyini pozmaq kimi məkrli siyasət yürüdür”, – Hikmət Hacıyev əlavə edib.
Qeyd edək ki, Xankəndi rejimi Şuşadakı Yuxarı Gövhər ağa məscidinin bərpa edib, böyük pullar qazanmaq istəyir. Bu barədə “Kavkazskiy Uzel”in əməkdaşına Qarabağdakı işğalçı rejimin “iqtisadiyyat nazirliyinin” turizm idarəsinin rəhbəri Arman Qriqoryan bildirib.
Onun sözlərinə görə, məscidin bərpasına İrandan mütəxəssislər cəlb ediləcək.
“Kavkazskiy Uzel”in əməkdaşına Şuşa rəhbərliyindən bildiriblər ki, İrandan məscidi ziyarətə çox sayda adam gəlir. Onların fikrincə, bərpadan sonra İrandan gələn turistlərin sayı arta bilər. Həmin turistlərin içində etnik azərbaycanlıların da olması istisna edilmir.