İran Rusiyanı “darmadağın” edir – Nə baş verir?

İran Rusiyanı “darmadağın” edir – Nə baş verir?

Moskvada Körfəz Əməkdaşlıq Şurasının 6-cı strateji toplantısının bəyanatında (10 iyul) Körfəzdə yerləşən Kiçik Tunb, Böyük Tunb və Əbu Musa adalarının BƏƏ-yə məxsus olduğunun bildirilməsinə qarşı İran misli görünməmiş təpki göstərir. Maraqlıdır ki, bütün iddia, ittiham və təhdidlərin hədəfi Rusiyadır.

İranın reaksiyasına baxaq:

– Rusiya səfiri İran XİN-ə çağırılır və ona sərt şəkildə xəbərdarlıq edilir;

– İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf Rusiyaya xəbərdarlıq edir: “Rusiya bilməlidir ki, İranın qonşuları ilə əməkdaşlığı İran xalqının suverenliyi və ərazi bütövlüyü də daxil olmaqla, “qırmızı xətlər”ə riayət etməsindən asılıdır”.

– İran Hakimiyyət Başçılarının Ali Koordinasiya Şurasının katibi, SEPAH-ın keçmiş komandiri Möhsün Rzayi Rusiyanı açıq şəkildə hədələyir;

– İran XİN başçısı Hüseyn Əmir Abdullahian rusiyalı həmkarı Sergey Lavrova zəng edir. Bunun ardınca mediaya açıqlamasında “Rusiyanın izahatının İranı qane etmədiyini” bildirir;

– Abdullahian Ukraynanın ərazi bütövlüyünü İranın tanıdığını elan edir və bu açıqlamasının Moskvada imzalanan bəyanata cavab olduğunu deyir…

Bunun ardınca isə iranlı millət vəkillərinin bir-birinin ardınca Rusiyanın ünvanına kəskin tənqidləri sıralanır – hətta İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əhməd Əvayi Rusiyanı İranın “tarixi düşməni” adlandırır, İran mediası Rusiyaya qarşı sərt yazılarla dolub daşır.

İran dünya diplomatiyasında xüsusi dəst-xəttə malikdir və bir çox hallarda nümunə də göstərilir. Çünki İran hər zaman niyyətini diplomatiyanın arxasında gizləyir və heç bir halda xırda insidentləri diplomatik qalmaqal səviyyəsinə qaldırmır.

Bu baxımdan xüsusilə indi – sanksiyaların daha da genişləndirildiyi, daxili sabitliyin kövrək, iqtisadi vəziyyətinin isə sosial partlayış səviyyəsində olan İranın hətta Səudiyyə ilə problemləri yoluna qoymağa cəhd etdiyi bir halda əsas hərbi-siyasi və iqtisadi tərəfdaşına qarşı bu qədər sərt reaksiyalar verməsi təəccüblü görünə bilər. Bəyanatdan 10 gün keçməsinə baxmayaraq, Rusiyaya qarşı bu qədər irihəcmli kampaniyanın nəinki zəifləməsi, hətta daha da genişlənməsi isə məqsədli xarakter daşıyır. Sanki İran əlinə düşən fürsətdən bəhanə kimi istifadə edir.

İranın əsl məqsədi nə ola bilər?

1. ABŞ-la məxfi danışıqların aparıldığını artıq hər iki tərəf dolayısı ilə təsdiqləyib. Mümkündür ki, Qərb İrana Rusiya ilə hərbi-siyasi əməkdaşlığı dayandırması (“Şahid” PUA-larının tədarükünün kəsilməsi) müqabilində müəyyən vəd verib;

2. İran Rusiyanın Ukraynada çıxılmazlığa girdiyini anlayaraq, mövqeyini dəyişməyə cəhd edir;

3. Rusiyanın indiki vəziyyətindən maksimum istifadə edərək, güzəştlər qoparmağa çalışır.

3-cü variant ən az ehtimal olunandır – çünki bu halda Rusiyanı İranın tarixi düşməni elan etmək və Kremldən qisas almaq üçün dərhal Ukraynanın ərazi bütövlüyünü tanıdığını ən yüksək səviyyədə bəyan etməyə ehtiyac yox idi.

Belə görünür ki, İran da Rusiyanı satmağa hazırlaşır. “Neçəyə” sualına isə yalnız ABŞ-İran danışıqlarının mediaya sızan nəticələrindən sonra cavab vermək mümkündür.

Teqlər: