İran, Rusiya və Türkiyə Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb.
AzerTimes xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyinin məlumatında deyilir.
Məlumata görə, sözügedən ölkələr İsrailin Qəzza zolağındakı hərəkətlərini, Livan və Suriyaya hücumlarını pisləyib.
Qeyd olunur ki, birgə bəyanat Suriya üzrə Astana danışıqlarının 16-cı raundu zamanı yayımlanıb.
İran, Rusiya və Türkiyə Yaxın Şərqdə atəşkəsə də çağırıb. Onlar həmçinin İsrail qüvvələrinin Suriyadakı bütün hərbi hücumlarını pisləyib və bu hərəkətləri beynəlxalq qanunların pozulması kimi qiymətləndirib.
Türkiyə, Rusiya və İran tərəfi qeyd edib ki, BMT-nin müvafiq agentlikləri münaqişənin kəskinləşməsindən sonra Suriyaya köçmüş livanlı qaçqınlara yardım üçün tədbirlər görməlidir.
Bəyanatda Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması üçün səylərin davam etdirilməsinin vacibliyi də vurğulanıb.