İran və Rusiya arasında viza rejimi məsələsi hələ 2017-ci ildə götürülməli idi. Lakin müxtəlif səbəblərdən bunu reallaşdırmaq mümkün olmadı.
Bu sözləri AzerTimes-a İran üzrə ekspert, güneyli iqtisadçı Mehdi Nəimi İranın Rusiya vətəndaşları üçün viza rejimini tam şəkildə aradan qaldırması məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Rusiya iqtisadiyyatının hazırkı mərhələsində viza rejiminin ləğvi İranın turizm sahəsinə müsbət heç nə vəd etmir:
“Turistlər üçün viza rejimi yenə gündəmə gətirilib. 50 nəfərə yaxın kiçik qrup üçün 15 günlük viza verilir. Anlaşmanın müddəti bir il üçün nəzərdə tutulub. Ola bilsin, daha bir də il uzatsınlar. Tehran Rusiya ilə viza rejimini tam olaraq ləğv etməyə hazır olduğunu bildirir. Lakin bunun İran iqtisadiyyatına ciddi anlamda təsiri olacağını hesab etmirəm.
Keçən il Rusiyadan İrana 22 min turist səfər edib. Bu qədər adamın ortalama xərcini min dollar nəzərdə tutsaq, 22 milyon dollar pul edir. Nəzərə alsaq ki, İrandan da Rusiyaya təxminən o qədər turist səfər edib. Onlar da Rusiya iqtisadiyyatı üçün 22 milyona yaxın xeyir veriblər. Nəticədə turist səfərləri İran dövləti üçün ciddi mənada dəyişikliyə səbəb olmayıb. Yeni viza rejiminin aradan qalxması, sadəcə, turist sayına müsbət təsir edə bilər. İki ölkə arasında viza rejimi tamamilə götürüldüyü halda 22 min on dəfə artsa da, əldə olunan qazanc dünya turizmi ilə müqayisədə cüzi olacaq”.
Ekspertin sözlərinə görə İran və Rusiya iqtisadi əlaqələri başqa sahələrdə daha uğurlu inkişaf edib:
“İran və Rusiya arasında olan iqtisadi əlaqələr daha çox neft-qaz, neft-kimya və hərb sahəsini əhatə edir. Bunun da viza ilə bir əlaqəsi yoxdur. Odur ki, iki ölkənin gözləntiləri turizmdən daha çox hərbi sahədədir və onu da öz aralarında anlaşıblar”.