Mart ayının 4-dən 11-ə kimi İranda Nizami Gəncəvi həftəsi elan edilib. Tehran Universitetində İran XİN-in sözçüsü Nasir Kənani Nizaminin fars kökənli iranlı şair olduğu iddiasını irəli sürüb. Təbrizdə keçirilən seminarda da eyni fikirlər təkrar olunub. Biz Azərbaycan tüklərində bir sual yaranır ki, nə üçün İran və onun məsul şəxsləri Nizami Gəncəvini azərbaycanlı və türk kökənli olduğunu inkar edib, fars əsilli və iranlı kimi tanıtmaqda israrlıdılar?
Bu sözləri AzerTimes-a tanınmış güneyli publisist və araşdırmaçı-jurnalist Abdulla Əmir Haşımi Cavanşir deyib.
O bildirib ki, nə Nizami Gəncəvi idda etdikləri kimi fars şairidir, nə də Gəncə İran şəhəri olub:
“Hazırkı İran İslam Respublikası Pəhləvi rejiminin davamıdır. Pəhləvilər 1925-ci ildə (Rza Savadkuhi, sonra dəyişib Pəhləvi oldular) İngiltərənin vasitəsi ilə Qacarları devirib, İranda hakimiyyətə gəldilər. Bu hakimiyyət bütün xalqların mədəniyyətini, tarixini, torpaqlarını farsların xeyrinə müsadirə etmək niyyəti ilə qurulmuşdu. Təkmillətli, təkdilli, yəni fars dilinə xidmət edən bir dövlət kimi yüz ilə yaxındır bizə və digər qeyri-farslara zülm edir. Biz belə bir hökumətin zülmü altında yaşayırıq. Yerüstü və yeraltı sərvətlərimizi qarət edir, mədəni irsimizə sahib çıxıb, varlığımızı inkar edirlər. Baş tutan mədəni, siyasi, iqtisadi tədbirlər fars dövləti, fars imperiyası və panfarsizmə xidmət etmək məqsədi ilə keçirilir. Onun üçün bizim şairləri iranlı və fars şairləri kimi təqdim edirlər. Böyük mücadilə nəticəsində qadağa qoyulmuş mədəni sərvətlərimizi, ədəbiyyatımızı, musiqimizi ortaya çıxardanda belə onları İran adı ilə təqdim edirlər. Hətta bizim əl işlərimizi, xalça, toxuma sənətini, tarixi binalarımızın hamısını, formalarını, şəkillərini, modellərini fars adı ilə dünyaya tanıdırlar. Məsələn, Təbrizdə toxunan xalçalar fars xalıları kimi bilinir. Şeirlərimizi də fars ədəbiyyatı kimi təqdim edirlər. Eyni cür də şəxsiyyətlərimizi, tanınmış elm, siyasət və idman sahəsində məşhur olan insanlarımızı da iranlı olaraq tanıtmaq istəyirlər. Bu hamısı Güney Azərbaycanda, bizim gözümüzün qarşısında hər gün baş verən hadisələrdir”.
Cavanşirin sözlərinə görə, İran nəinki Güney Azərbaycan, bütün türk dünyası və Şimali Azərbaycan mədəniyyətinə də bu cür sahiblənmək istəyir:
“Azərbaycanın da maddi və mənəvi abidələrinə sahib çıxmaq niyyətindədilər. Elə ona görə də Nizami Gəncəvini fars şairi kimi dünyaya tanıtmağa cəhd göstərirlər. Keçirilən bu seminarda da şairin harada doğulmasını, türk mühitində böyüyüb, tərbiyə almasını, o adətlərlə yetişməsini, özünəməxsus türk ruhunu danırlar. Bu haqda danışmırlar. Nizaminin türkcə olan şeirlərini yandıraraq məhv edib, ya da ərəbcə dediklərinə qiymət verməyiblər. Hətta onun farsca yazdığı əsərlərin məğzini təhrif etməyə çalışıblar. Keçirilən seminarlar buna xidmət edir. Sübut etmək istəyirlər ki, qədimdən hamı Şimali Azərbaycanda, Gəncədə farsca danışıb. Sonradan türk olublar. Nizami Gəncəvi də farsdır. İran mənsublarının niyyəti budur ki, Cənubi və Şimali Azərbaycan türklərinin irsini bu yolla təhrif edib, mənimsəsinlər”.
Abdulla Əmir Haşımi Cavanşir alimlərin bununla bağlı araşdırmasından da söz açıb:
“Alimlərimizin araşdırıb, gəldiyi həqiqət budur ki, azərbaycanlılar islam dinini qəbul edəndən sonra, müəyyən müddətdə ərəb dili Azərbaycan ərazisində yayılmışdı. Ərəb əlifbası öyrənilmişdi. Azərbaycan türkləri ərəbcə şeirlər yazmağa başlamışdılar. Lakin Babək (Xürrəmilər) hərəkatından sonra azərbaycanlılarda ərəb hakimiyyətinə və ədəbiyyatına qarşı müqavimət ruhu yaranır. Babək hərəkatı devrilsə də, Azərbaycan ərazisində müxtəlif dövlətlər meydana gəlir. Bu dövlətlərin başçıları öz saraylarında müxtəlif dillərdə yazıb-yaradan şairləri qəbul edirlər. O şairlər türk, ərəb və farsca şeirlər yazırlar. Sultan Mahmud Qəznəvi başqa xalqlara da hakim olsun deyə, sarayında müxtəlif dilli şairlərə yer verirdi. O cümlədən, 400-ə yaxın ərəb və fars şairini sarayına dəvət etmişdi. Onların yazdığı əsərlər vasitəsi ilə özünü mədh etdirib, təbliğatını aparırdı. Elə həmin Sultan Mahmudun əmri ilə Firdovsi “Şahnamə”ni nəzmə çəkdi və buna görə gümüşdən hədiyyə verildi. Yəni türk dövlətləri digər xalqlara, mədəniyyətlərə də qayğı göstərirdi, onların şair və yazarlarına saraylarında yer verirdilər. Pul verib özləri haqqında əsər yazdırırdılar. Bu proses Şirvanşahlar dövründə də davam edir. Bizim Nizami Gəncəvi də bu qaydalardan istisna deyildi. O, müxtəlif dillərdə, o cümlədən fars dilində də dəyərli əsərlər yazıb-yaradır. Onun ərəb və türk dilində də gözəl şeirləri olub. Elə Nizaminin Gəncədə doğulduğunu farslar özləri də bilir. Ömrü boyu da orada yaşayıb və orada da ölüb. Heç bir fars şəhərinə də səyahət etməyib. Amma o dövrdə özü müxtəlif dilləri məharətlə mənimsəmişdi. Yazdığı əsərləri ilə təkcə türk dünyasına deyil, bütün bəşəriyyətə bəhrələr vermişdi. “Leyli-Məcnun” əsərini yazmadan öncə onun haqqında ərəb mənbələrindən məlumat toplamış, türk ruhu ilə birləşdirib, fars dilində qələmə almışdı. O dövrdə hakimiyyətdə olan şahlar, xanlar fars dilində bilməsələr də, bu dildə yazılan əsərlərə, musiqiyə, şeirə böyük maraq göstərirdilər. Bu dildə yazıb-oxuyan şairləri də öz saraylarında xüsusi hədiyyələrlə qəbul edib, mükafatlandırırdılar. Nizamidən başqa Xəqani, Qətrani kimi tanınmış şairlər hamısı 3 dildə yazıb yaratmışdı. Onlar da fars deyil, Azərbaycan-türk şairləridir”.
Araşdırmaçı jurnalist türk əsilli olsalar da, fars dilində əsər yazan bir çox şairin olduğunu diqqətə çatdırıb:
“Bu adət-ənənə bu günə kimi bizdə, xüsusilə də Güney Azərbaycanda mövcuddur. Səhənd, Sabir, Şəhriyar kimi çoxlu şairləri misal gətirə bilərik. Şəhriyarın həm ana dilində əsərləri var, həm də fars dilində. Onun fars dilində yazdığı şeirlər o qədər yüksək səviyyədədir ki, heç bir fars şairi belə ustalıqla yaza bilməyib. Bu o demək deyil ki, Şəhriyar farsdır. Yaxud, Əhməd Şamlı. Özü türk əsilli olsa da, onun türkcə heç bir şeiri yoxdur, tamamilə farsca yazıb. Bu o demək deyil ki, o, fars kökənlidir. Amma İran İslam Respublikası bu həqiqətləri qəbul etmək istəmir. Onları fars, yaxud iranlı şair kimi tanıdır. Keçmişdə alimlərimiz də öz dillərində yazmayıblar. İbn Sina Həmədan türk olsa da, “Qanuni-Şəfa” kitabını ərəbcə yazıb. Eləcə də Xarəzmdən olan Əbu Reyhan Biruni riyaziyyata dair əsərlərini ərəbcə qeydə alıb. Bunlar nə ərəbdir, nə fars. Əsl türk dühalarıdır. Odur ki, İran təkcə Nizamini deyil, Birunini, İbn Sinanı, Şihabəddin Sührəvərdini və minlərlə belə türk alimi farslaşdırıb İslam Ensiklopediyasına daxil edib. Orada onların əsl milliyəti isə qeyd olunmayıb. Bu oğurluq dünya tərəfindən qınanmalıdır. Biz bu gün İranın yanlışlıqlarına və mədəniyyət müsadirəsinə son qoyulmasını tələb edirik”.