Kirman şəhərindəki terakt, onun ardınca SEPAH-ın yüksək çinli zabitlərinin öldürülməsinə görə İran qisas vəd etmişdi, hətta Qumda, “şiələr üçün müqəddəs” olduğu iddia edilən Çəmkəran məscidində “qırmızı bayraq” da qaldırılmışdı – qisas rəmzi olaraq.
Beləliklə, SEPAH ötən gün qisas əməliyyatı həyata keçirdi: səhər saatlarında İraqda, Ərbildə ABŞ konsulluğuna, o cümlədən “bir neçə digər yerə” zərbələr endirdi, axşam isə Pakistanda “Ceyş ül-Ədl”in qərargahını vurduğunu açıqladı.
ABŞ-ın konsulluğunun bu hücumdan və zərbələrdən zərər çəkdiyinə aid bircə fakt, dəlil, sübut yoxdur: heç ABŞ da diplomatik nümayəndəliyinə hücum edilməsi haqda bircə eyham da etməyib. Ən “uyğun” açıqlama “ABŞ konsulluğunun yaxınlığına” zərbə endirilməsi haqda informasiyadır – vəssalam.
Əvəzində Peşrev Dizayi adlı iş adamının evinin “dəqiq hədəf” alındığı faktı ortadadır. ABŞ da məhz bu cür açıqlama yayıb və bir kürd-müsəlman ailəsinin məhvini pisləyib.
İranın iddiasına görə, Dizayi MOSSAD-a xidmət edirmiş, onun casuslarına maliyyə yardımı göstərirmiş və s. Bu iddiaların nə qədər həqiqət olması ayrı mövzudur. Fakt odur ki, İran “casusa dəstək verdiyini” iddia etdiyi Peşrevin evini vurmaqla, bu ailənin bir yaşlı uşağı da daxil, 5 üzvünü öldürüb.
Deyək ki, Peşrev MOSSAD-a çalışırmış – baxmayaraq ki, Dizayi olmasın, başqası olsun, əgər söhbət doğrudan da maliyyədən gedirsə, MOSSAD casuslarını və əməliyyatlarını maliyyələşdirməyə çətinlik çəkməyəcək. MOSSAD-ın “casuslarını” və yaxud İsrailin silah anbarını, hərbi potensialını hədəf almaq yerinə bir kürd müsəlmanı ailəsi ilə birgə qətlə yetirməyin adı nədir? O bir yaşında uşağın və yaxud Peşrevin ailəsinin nə günahı vardı?
Axşamçağı “qisas”ının – “Ceyş ül-Ədl”ə zərbənin də hər hansı nəticəsi barədə açıqlama yoxdur, qruplaşma da hansısa ziyan, itki barədə bir məlumat yaymayıb, heç İran da rəsmi olaraq nə qədər “terrorçu” öldürdüyü və yaxud “terrorçu” saydıqlarının hansı əhəmiyyətli bazasını vurduğunu detallı izah etməyib. Sadəcə, “mühüm qərargahını vurduq” açıqlaması yayıb.
Qısa sürədən sonra isə bəlli oldu ki, “mühüm qərargah” 2 azyaşlı uşaqdır – Pakistan rəsmi açıqlama yayaraq, iki uşağın öldüyünü elan etdi.
Ortada bircə “terrorçu” məhvi yoxdur, ancaq iki uşağın Pakistanda öldürülməsi var. Yəni İran ötən gün zərbələr nəticəsində iki müsəlman ölkəsində ən azı 3 uşağı, 3 də günahsız insanı öldürüb – yalnız bir “hədəf” – Peşrev istisna…
İraq etirazını bildirdi, baş nazir səviyyəsində bunun iki ölkənin münasibətlərinə ağır zərbə olduğunu açıqladı, səfirini məsləhətləşmələr üçün geri çağırdı; Pakistan da kəskin reaksiya verdi, İran XİN-ə etirazını çatdırdı, İran səfirini XİN-ə dəvət etdi və s.
İran müsəlman ölkələrinə zərbə endirib – səbəbini özü bilər;
İran iki müsəlman ölkəsi ilə münasibətlərinə raket atdı – özü bilər.
Mənə maraqlıdır: İran, tutaq ki, Peşrevin simasında bir “hədəfi” – o da çox mübahisəli və müzakirəyə həddən artıq açıq bir məsələdir – məhv etmək üçün bir mülki evi ballistik raketlərlə göyə sovurub, bir yaşlı uşaq da daxil, gühansız 4 nəfərin də ölümünə səbəb olub, ailəni yer üzündən silirsə, bəs, hansı əxlaq, vicdan, hansı siyasi düşüncə ilə İsraili Qəzzada qətliam törətməkdə ittiham edəcək?
İsrail də iddia edir ki, HƏMAS silahlılarını vurur – təəssüf ki, “mülki itkilər də qaçılmaz olur”. İran da sağa-sola – bir şərqə, bir qərbə raket fırlatmaqla günahsız uşaqları qətlə yetirmədimi?
Əslində, İran İsrailə çox əla arqument, beynəlxalq müstəvidə özünü müdafiə etmək üçün fakt, imicini qorumaq şansı bəxş etdi. İsrail bu faktdan maksimum, həm də çox ağıllıcasına istifadə edəcək – bu heç.
Əsas məsələ budur: İran bu şansı İsrailə düşünərəkmi verdi? Qəsdənmi etdi? İki müsəlman ölkəsini vurub, özünə qarşı çevirməklə nəyə nail olmaq istəyir? Axı, “islam birliyinə” çağırırdı, İsrailin əndazəni aşması müsəlman ölkələrini yaxınlaşdırmışdı, axı! Bu zərbələrlə “islam birliyini” möhkəmləndirir, yoxsa ABŞ konsulluğunun “yaxınlığında” – ABŞ-ın gözü qabağında bir müsəlman ailəni və uşaqları öldürməyi ABŞ-dan qisas almaq sayır?