İran qəfəsə çevrilib: qeyri-farslara münasibət… – Pezeşkian

İran qəfəsə çevrilib: qeyri-farslara münasibət… – Pezeşkian

Xalqın hüququnu pozub, onun səsini eşitməyəndə, əlbəttə ki, səsvermədə iştirak səviyyəsi aşağı olacaq. Qiymətlərin bahalaşması, qız və qadınlara qarşı münasibət, internetə məhdudiyyət səbəbindən günü-gündən sosial dəstəyi itiririk.

AzerTimes xəbər verir ki, bu sözləri İran prezidentliyinə azərbaycanlı namizəd Məsud Pezeşkian digər namizəd Səid Cəlili ilə teledebatdakı çıxışında deyib.

O, qeyri-farslar və qeyri-şiələrə qarşı ədalətsiz münasibətə də diqqət çəkib:

“Bu, vətəndaşların hakimiyyətə qarşı inamsızlığına səbəb olur”.

Pezeşkian həmçinin hakimiyyət qruplarına üzv olmayan şəxslərin sıxışdırıldığını, onların hansısa vəzifə tutmasına imkan verilmədiyini bildirib.

Azərbaycanlı namizəd, bununla yanaşı, 2022-ci ilin ümumi etiraz aksiyalarına da toxunub, etirazçılara qarşı münasibət və repressiyanı pisləyib:

“Yanımızda olanların küçələrə axışıb mitinq keçirmələrinə haqq qazandırır, bizə etiraz edənlərin narazılıqlarını ifadə etməsini isə qanunsuz adlandırır, onları saxlayır və həbsxanalara salırıq”.

Məsud Pezeşkian çıxışının sonunda hakim sistemdə təmsil olunan bir çoxlarını ölkəni qəfəsə çevirməkdə, bütün qapıları bağlamaqda və dünya ilə normal münasibətlər qura bilməməkdə günahlandırıb.

Teqlər: