Xəbər - Elnur Bağışov – Trend:
İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında nüvə proqramı üzrə birgə bəyanatının müddəti 1 aylıq uzadılıb.
AzerTimes-ın məlumatına görə, bu, İranın Ali Milli Təhlükəsizlik Şurasının bəyanatında öz əksini tapıb.
Bəyanatda bildirilir ki, İranın Ali Milli Təhlükəsizlik Şurası Avstriyanın Vyana şəhərində nüvə müzakirələri ilə paralel olaraq İran və AEBA arasında nəzarət məsələlərinin həlli üzrə texniki müzakirələrin davam etdiyini nəzərə alır. Belə ki, 1 ay müddətində müzakirələrdə nəticə əldə olunsun.
Bəyanatda əlavə olunur ki, İran və AEBA arasında əldə olunan İranın nüvə obyektlərində quraşdırılan nəzarət kameralarının məlumatlarının saxlanılması ilə əlaqədar 3 aylıq razılaşma bu gün (24 may) başa çatır.
Bəyanatda əlavə olunur ki, İranın Ali Milli Təhlükəsizlik Şurası İranın mənafeyinin qorunması və sanksiyaların ləğvi üzrə strateji addım qanununa əsasən İran tərəfindən əlavə protokolun icrasının dayandırılması prosesinin davam etdiyini qeyd edir.
Qeyd edək ki, Avstriyanın Vyana şəhərində İranla 4+1 qrupu (Rusiya, Çin, Britaniya, Fransa, Almaniya) arasında danışıqlar aparılır.
Əlavə edək ki, 2020-ci ilin sonlarında İran parlamenti İrana qarşı sanksiyaların tətbiq olunmasını əsas gətirərək sanksiyaların ləğv edilməsi məqsədilə nüvə sahəsində strateji planın icra edilməsinə qərar verib. İran parlamentinin qərarına əsasən İran 23 fevraldan nüvə sazişində nəzərdə tutulan əlavə addımlar və əlavə protokolun icrasını dayandıracaq. Bununla MAQATE-nin nəzarət mexanizmi 20-30% azalacaq. Hal-hazırda İranın Fordo nüvə obyektində hər 1 saatda 17-20 qram 20%-lik uran istehsal olunur. İran parlamentinin qərarına əsasən 1 min ədəd IR2M sentrifuqası quraşdırılmalıdır. Bununla əlaqədar işlərə başlanılıb və 320-dən çox IR2M sentrifuqası quraşdırılıb.
Xatırladaq ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. 2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bəyan və həmin ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. Bu planın avropalı üzvləri sazişi qorumaq istiqamətində 2019-cu ilin yanvar ayında İranla ticarəti davam etdirmək üçün İNSTEX maliyyə mexanizminin yaradıldığını bəyan ediblər. İran saziş tərəflərinin öz öhdəliklərini yerinə yetirmədiklərini əsas götürərək 8 mayda (2019) sazişdə nəzərdə tutulan 300 kiloqramdan artıq uranın satışı ilə bağlı öhdəlikləri dayandırdığını bəyan edib. İran 7 iyulda (2019) uranın 3,67%-lik zənginləşdirilməsi və Ərak Ağır Su reaktorunun rekonstruksiyası ilə bağlı nüvə sazişində nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyəcəyini elan edib. İran nüvə sazişi çərçivəsində neft satışını və onun pulunu əldə etmək niyyətindədir.
İran 2019-un 5 sentyabrında növbəti, 3-cü addımın atıldığını elan edib. Bu addıma əsasən İran yeni nəsil sentrifuqalarla uranı zənginləşdirəcək və zənginləşdirilən uran qalıqlara qarışdırılmayacaq.
İran 2019-cu il 5 noyabrda nüvə sazişində öhdəliklərin azaldılması ilə əlaqədar 4-cü addımı atdığını elan edib. Belə ki, Fordo nüvə obyektində sentrifuqalara uran qazı vurulmağa başlayıb.
İran 2020-ci il 5 yanvarda nüvə sazişindəki 5-ci (sonuncu) addımı atdığını və bundan sonra sazişdə İranın hər hansı məhdudiyyətinin olmayacağını elan edib.
Əlavə edək ki, ABŞ 2018-ci il noyabr ayında İrana qarşı yeni sanksiyalar tətbiq edib. Ötən müddət ərzində sanksiyalara İranın neft ixracı, 700-dən çox bank, şirkət və fiziki şəxs daxil olunub. Sanksiyalar İranın xarici ölkələrdəki əmlakının dondurulması ilə nəticələnib.
Qeyd edək ki, İran 13 aprel (2021) uranın 60%-lik zənginləşdirilməsinə başladığını elan edib.