İran bu ilin payızında Karun atom elektrik stansiyasının “nüvə adasının” tikintisinə başlamağı planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami deyib.
Onun sözlərinə görə, Karun AES-in “nüvə adasına” ilk betontökmə işlərinin payızda başlayacağı gözlənilir.
“Nüvə adası”nın bünövrəsinə beton tökmək təkcə reaktor binasının deyil, həm də AES-in bütün enerji blokunun tikintisinə tam başlamaq deməkdir.
Qeyd edək ki, “Nüvə adası” atom elektrik stansiyasında nüvə reaktorunun işləməsini təmin edən bina və tikililər kompleksidir.
Keçən il oktyabrın sonunda İslami bildirmişdi ki, İran ölkənin qərbində 300 MVt enerji gücünə malik Karun AES-in tikintisinə başlayıb.
Hazırda Buşəhrdə Rusiya tərəfinin köməyi ilə tikilən yalnız bir atom elektrik stansiyası var. AES-in birinci bloku 2011-ci ilin sentyabrında İranın milli enerji sisteminə qoşulub. İkinci blokun tikintisi davam etdirilir və üçüncü enerji blokunun tikintisi üçün müqavilə imzalanıb. 2 nömrəli blokun tikintisinə rəsmi olaraq 2019-cu ilin payızında start verilib.