İran neft-kimya məhsullarının idxalını azaltmaq niyyətindədir

Xəbər - Elnur Bağışov – Trend:

İran 33 planı icra etməklə neft-kimya məhsullarının idxalını ildə təxminən 1,5 milyard dollar dəyərində azaltmaq niyyətindədir.

AzerTimes-ın məlumatına görə, bunu İranın Neft-Kimya Sənayesi Milli Şirkətinin rəsmisi Həsən Abbaszadə IRNA-ya açıqlamasında deyib.

H.Abbaszadənin sözlərinə görə, bu planların icrası ilə İranın neft-kimya məhsullarının idxalı təxminən 70% azalacaq.

Abbaszadə əlavə edib ki, icra olunacaq planlar nəticəsində təxminən 20 yeni məhsul istehsal olunacaq. Bunlardan akrilik turşu, ASP, oksid propilen və sairəni misal göstərmək olar.

Şirkət rəsmisi bildirib ki, planların icra olunması üçün təxminən 3,3 milyard dollar vəsaitə ehtiyac var və ümumilikdə ildə 3 milyon ton məhsul istehsal olunacaq.

Qeyd edək ki, cari İran ilində (21 mart 2021 -20 mart 2022) İranın 14,2 milyard dollar dəyərində 33 milyon ton neft-kimya məhsulunun ixrac olunması nəzərdə tutulub. Cari ildə 43 milyon ton yekun məhsulun istehsal olunması nəzərdə tutulub. Onun 10 milyon tonu ölkə daxilində istehlak olunacaq. Ümumilikdə neft-kimya sənayesinin gəliri cari ildə 21,5 milyard dollar olacaq.

Əlavə edək ki, gələn ilin 2-ci yarısından (23 avqust 2022-dən) başlayaraq, İranın neft-kimya sektorunda 39 neft-kimya obyektinin istifadəyə verilməsi nəzərdə tutulub. Ümumilikdə gələn 5 ildə (20 mart 2026-dək) 50 obyektin istifadəyə verilməsi planlaşdırılır. Bunlardan 3-ü miks olunmuş yanacaq istehsalı, 11-i propilen istehsalı, 33-ü isə inkişaf obyektləridir. Beləliklə 5 il sonra İranın neft-kimya məhsulları istehsalı potensialı ildə 136 milyon tona, strateji planların icra olunması ilə isə ildə 167 milyon tona yüksələcək”.

Bildirək ki, ötən ildə (20 mart 2020 – 20 mart 2021) ölkədə 11,4 milyard dollar dəyərində investisiyanın yatırıldığı 17 neft-kimya obyekti istifadəyə verilib. Beləliklə İranın neft-kimya sektorunda illik məhsul istehsalı 65 milyon tondan 90 milyon tona yüksəlib.

Teqlər: