Xəbər - Cani Babayeva – Trend:
İran hakimiyyətinin narkotik qaçaqmalçılığı ilə əlaqəli olub-olmamasından asılı olmayaraq bu ölkə narkotrafikin dəfələrlə sübut olunmuş başlanğıc nöqtəsidir.
Bunu Trend-ə Rusiyalı tarixçi və siyasi analitik, professor Oleq Kuznetsov deyib.
Onun sözlərinə görə, İran indiki teokratik təcəssümündə beynəlxalq siyasətdə özünü yalnız Yaxın Şərqdə güclü dövlətçiliyin və siyasi sabitliyin olmadığı “boz zonalarda” aktiv şəkildə göstərir və xüsusi çəkiyə malikdir:
“Bu, İraq, Suriya, Livan, Yəməndir. Dünyanın siyasi xəritəsində İranın hərbi-siyasi təsirinin mövcud olduğu nöqtələrin tam siyahısı budur. Son vaxtlara qədər bu siyahıya Qarabağ da daxil idi. Lakin Azərbaycan ötən ilin payızında Ermənistanın işğalçı qüvvələrini darmadağın edərək bu ərazini rəsmi Bakının nəzarətinə qaytardıqdan sonra bu torpaqlar Tehranın “arxa həyəti” olmaqdan çıxıb. Bu da hamımızın şahidi olduğumuz kimi İranın qıcıqlanmasına, hətta “diş qıcamasına” səbəb olmaya bilməzdi”.
Siyasi analitik bildirib ki, bu gün rəsmi Tehran Qarabağdakı “boz zona” üzərində nəzarəti itirdiyi üçün qıcıqlanır və bununla barışa bilmir. İran Qarabağ vasitəsi ilə yuxarıda sadalanan ölkələrdə maddi və ideoloji cəhətdən özündən asılı olan radikal qrupları dəstəkləmək üçün Avropaya narkotik ticarəti həyata keçirib, orada ayr-ayrı filiz və mineral ehtiyatlarını əldə edib, enerji mənbələrinin qaçaqmalçılığı şəbəkəsini yaradıb. Bir sözlə, Azərbaycan torpaqlarının işğalından özü üçün tam iqtisadi səmərə ilə istifadə edib:
“Ermənistan ötən ilin payızında Azərbaycanla müharibədə məğlub olduqdan sonra, otuz ilə yaxın müddət ərzində yaradılmış, milyardlarla dollar gəlir gətirən bütün kriminal biznes sistemi, demək olar ki, bir anda çökdü və İranın xarici siyasətinin resurs imkanlarına çox ciddi ziyan dəydi. Bununla da Yaxın Şərq və Ön Asiyadakı müxtəlif ölkələrdə hərbiləşdirilmiş qruplar uzun müddət davam edən maliyyə mənbələrindən məhrum edildi”.
O.Kuznetsov vurğulayıb ki, İranın son dövrlərdə Azərbaycanla münasibətdə xoşagəlməz addımları barədə hər kəsin məlumatı var: “Eləcə də Prezident İlham Əliyevin təxribatlara, təhdidlərə və güc nümayişinə prinsipial və kəskin reaksiyasını da hər kəs bilir. Azərbaycan bir daha heç vaxt nə quru, nə də su yolu ilə narkotik ticarəti dəhlizi olmayacaq. Bunu Azərbaycan Dövlət Sərhəd Xidmətinin həm iki ölkə arasında dövlət sərhədində, həm də Xəzər dənizində uğurlu əməliyyatları sübut edir. Açıq mənbələrdə yer alan məlumatlara əsasən, dünya “qara bazar”ında 1-2 milyard dollar dəyərində qiymətləndirilən narkotik maddə müsadirə edilib. Aydındır ki, bu miqdarda pulun qanunsuz dövriyyədən çıxarılması İranın Yaxın Şərqdəki proksi-qruplarına sponsorluq etmək qabiliyyətinə ciddi zərbə vuracaq”.
Analitikin sözlərinə görə, Azərbaycan gömrükçülərinin Biləsuvarda yarım tona yaxın İran heroinini ələ keçirməsindən sonra başlamış səs-küylü və nümayişkaranə münaqişə vasitəsilə rəsmi Tehran öz proksi qruplarına bildirmək istəyir ki, əvvəlki həcmdə maliyyələşdirmə olmayacaq.
“Yəni ki, Azərbaycanın Ermənistanı darmadağın etməsində, kriminal maliyyələşdirmə kanallarının qarşısını kəsməsində biz günahkar deyilik, günahkarlar İranın ayətulla rejiminin rəhbərliyi altında qlobal radikal birliyə mane olmağa çalışan “sionistlərdir”. Bir sözlə, İranın Azərbaycanla davranışının alqoritmi çox sadədir. Azərbaycanla qalmaqal yaratmaq və onun vasitəsilə məsuliyyəti İsrailin üzərinə qoymaq. Lakin fakt budur ki, İran hakimiyyətinin narkotik qaçaqmalçılığı ilə əlaqəli olub-olmamasından asılı olmayaraq bu ölkə narkotrafikin dəfələrlə sübut olunmuş başlanğıc nöqtəsidir”.
(Tərcümə: Orxan Nəbiyev)