İranın Ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin “Azərbaycan gözümüzün nurudur”, “Azərbaycana hücum olsa, qarşısında İranı görəcək”, “Hər bir iranlı azərbaycanlıdır”, “İran Azərbaycanı heç vaxt işğal etmək və ya ona nəzarəti ələ keçirmək istəməyib” və s. fikirlərinin əks olunduğu son məqaləsi geniş müzakirələr doğurub.
AzerTimes xəbər verir ki, politoloq Qabil Hüseynli buna cavab olaraq maraqlı tarixçəni xatırladıb. O bildirib ki, Vilayəti xarici işlər naziri olarkən hökumətin Güney Azərbaycana sərmayə qoyulması ilə bağlı müzakirəsi zamanı demişdi: “Oraya sərmayə yatırmayın, onsuz da onlar bizdən ayrılacaq!” Vilayətinin bu sözlərini əks etdirən səs yazısı da yayılmışdı”.
Qabil Hüseynli uzun müddət dövlət müşaviri vəzifəsini daşıyıb və İranın Azərbaycana siyasətini də yaxşı bilir.
Guya Azərbaycanın müstəqilliyinin elan olunduğu gün “Azərbaycana səfərə gəlməsi”nə gəlincə, Vilayəti Azərbaycana deyil, artıq yıxılmış və yerində müstəqil respublikalar yaranan SSRİ-yə səfər edib.
Bununla bağlı tarixçi alim Zaur Əliyev “İzvestiya” qəzetinin 27 noyabr 1991-ci il tarixli sayında dərc edilən məqaləni paylaşıb. Sözügedən məqalədə Vilayətinin “Exo Moskva” radiostansiyasına dediyi bu fikirlər xatırladılıb: “Biz Azərbaycanın müstəqilliyini tanımaq niyyətində deyilik. Bu respublika ilə münasibətlərimiz Sovet İttifaqı çərçivəsində inkişaf etdiriləcəkdir”.
Məqalə müəllifi bunu Rusiya üçün “sürpriz”, “şiə qardaşının” müstəqilliyini tanıyacağını gözləyən Bakı üçün isə “soyuq duş” olduğu bildirir.
Məqalədə açıq şəkildə vurğulanır ki, İran məhz SSRİ-nin müsəlman ölkələrinin, xüsusilə Azərbaycanın müstəqilliyini tanımaqda maraqlı deyil. “İranın şimalında on milyon (rəqəm təhrif edilib, hələ o zaman İran Cənubi Azərbaycanda 22 milyon azərbaycanlı yaşadığını bildirmişdi – red.) azərbaycanlı azlıq yaşayır. Azərbaycanın müstəqilliyi bu regionda separatizmi gücləndirə bilər – halbuki hazırda da az deyil”, – məqalədə qeyd edilib. Həmçinin bildirilib ki, İran “SSRİ-nin qorunmasında maraqlıdır”.
Sosial şəbəkələrdə buna reaksiya verən güneylilər isə Vilayətinin “əslim Əlburz dağlarının ətəyindəndir” sözlərinə diqqət çəkiblər və onun yalan danışdığını, azərbaycanlı olmadığını vurğulayıblar.
İranın hazırda “Azərbaycanın müstəqilliyini tanıyan “ilk ölkələrdən” olması barədə iddialara gəlincə, bu da həqiqəti əks etdirmir. Yazıldığı və iddia edildiyi kimi, İran Azərbaycanın müstəqilliyini tanıyan ilk 5 ölkə içərisində deyil.
Azərbaycan Müstəqilliyin Bərpası haqda Konstitusiya Aktını 18 oktyabrda qəbul edib. Müstəqilliyimizin tanınması ardıcıllığı isə belədir:
Türkiyə – 9 noyabr 1991
Estoniya – 6 dekabr 1991
Rumıniya – 11 dekabr 1991
Pakistan – 12 dekabr 1991
Litva – 20 dekabr 1991
İsveçrə – 23 dekabr 1991
İsrail – 25 dekabr 1991
İran – 25 dekabr 1991
Böyük Britaniya – 26 dekabr 1991
Macarıstan – 26 dekabr 1991
Avstraliya – 26 dekabr 1991
Birləşmiş Ərəb Əmirlikləri – 26 dekabr 1991
Hindistan – 26 dekabr 1991
Misir – 26 dekabr 1991
Polşa – 27 dekabr 1991
Çin – 27 dekabr 1991
Xorvatiya – 28 dekabr 1991
İndoneziya – 28 dekabr 1991
Finlandiya – 30 dekabr 1991
Səudiyyə Ərəbistanı – 30 dekabr 1991
Liviya – 30 dekabr 1991
Mərakeş – 30 dekabr 1991
Belçika – 31 dekabr 1991
Danimarka – 31 dekabr 1991
Lüksemburq – 31 dekabr 1991
Niderland – 31 dekabr 1991
Yunanıstan – 31 dekabr 1991
İspaniya – 31 dekabr 1991
Yaponiya – dekabr 1991
İtaliya – 1 yanvar 1992
Norveç – 2 yanvar 1992
İraq – 2 yanvar 1992
Fransa – 3 yanvar 1992
Albaniya – 4 yanvar 1992
Portuqaliya – 7 yanvar 1992
Çexiya – 8 yanvar 1992
Latviya – 8 yanvar 1992
Almaniya – 12 yanvar 1992
Bolqarıstan – 14 yanvar 1992
Avstriya – 15 yanvar 1992
İsveç – 16 yanvar 1992
İslandiya – 19 yanvar 1992
ABŞ – 28 fevral 1992
Vatikan – 23 may 1992 və s.
Başqa sözlə, İran Azərbaycanın müstəqilliyini tanıyan 8-ci ölkədir və İsraillə eyni gündə tanıyıb. İran həmin gün Ermənistanın da müstəqilliyini tanıyıb və artıq bir müddətdir Ermənistanla qurduğu əlaqələri rəsmiləşdirib.
27 noyabrda dərc edilən məqalədə də bildirilirdi ki, Azərbaycanın müstəqilliyi bir ay 10 gündür elan edilsə də, yalnız Türkiyə tanıyıb. Yəni Azərbaycanı müstəqilliyini elan etdikdən sonrakı təxminən 50 gün ərzində tanıyan tək ölkə Türkiyə olub. Yalnız 9 dekabrdan başlayaraq, Estoniya, Litva və Pakistandan sonra digər Avropa ölkələrinin müstəqilliyi tanıması yolunda addımlar atması İranı da bu sıraya qoşulmağa və “vilayətiləri” fikrini dəyişməyə məcbur edib.
Yeri gəlmişkən, Azərbaycanın müstəqilliyi 29 dekabrda keçirilən referendumla təsdiqlənib, dərhal sonra – 30 dekabrda Səudiyyə Ərəbistanı müstəqilliyimizi tanıyıb və Ermənistan işğalçı olduğu üçün bu ölkə ilə 30 il boyunca heç bir diplomatik əlaqə qurmayıb – İrandan fərqli olaraq.