İran məni öldürmək istəyir – Roka

İran məni öldürmək istəyir – Roka

İspaniyanın sağçı Voks Partiyasının qurucusu, Kataloniyada sağ mərkəzçi Xalq Partiyasının keçmiş lideri Alxo Vidal Kuadras Roka İran hökumətini ona qarşı sui-qəsd törətməkdə ittiham edib.

AzerTimes xəbər verir ki, Roka bu barədə İran müxaliflərinin xaricdə keçirdikləri toplantısına göndərdiyi məktubda yazıb.

“İcazə verin bir daha İran rejiminin özünün şər iradəsini həyata keçirmək üçün bizə tətbiq etdiyi metodları sizə xatırladım. Rejimin əməllərinə bu yaxınlarda mənə qarşı terror hücumu planlaşdırmaq da daxildir”, – siyasətçi bildirib.

O, məktubunda Avropa Birliyini İrana qarşı daha sərt və məhdudlaşdırıcı addımlar atmağa çağırıb.

Qeyd edək ki, 78 yaşlı Alxo Vidal Kuadras Roka noyabrın 9-da Madridin mərkəzində motosikletçi silahlı şəxsin hücumuna məruz qalaraq, üz nahiyəsindən güllə yarası alıb və hazırda xəstəxanada müalicə olunur. İspaniya polisi hücumda şübhəli bilinən 3 nəfəri həbs edib.

2009-2014-cü illərdə Avropa Parlamentinin sədr müavini olan Roka son 25 ildə İran hakimiyyətinin insan haqları pozuntularına qarşı ən radikal mövqe tutan avropalı siyasətçi kimi tanınır.

Hadisədən sonra İranın İspaniyadakı səfirliyi bəyanat yayaraq Tehranın terrora qarşı olduğunu deyib.

Xatırladaq ki, 2022-ci ildə İranda baş verən kütləvi etiraz aksiyalarından sonra İran hökuməti Alxo Vidal Kuadras Rokanı etirazçıları dəstəklədiyi üçün qara siyahıya daxil edib.

Teqlər: