İranın “Sazəndegi” qəzetində Azərbaycan dili növbəti dəfə təhqir edilib.
AzerTimes xəbər verir ki, qəzetdə Şahnaməşünas kimi təqdim olunan Cavad Rəncbər Derəxşilər adlı tədqiqatçının təhqir dolu məqaləsi dərc edilib.
O, keçmiş prezident Həsən Ruhani dövründə təsis edilməsi nəzərdə tutulan, lakin hələ də təsis edilməyən Türk Dili Akademiyasının təhlükəli olduğu barədə iddialar səsləndirib.
Məqalə müəllifi dil akademiyasının mədəni qurumdan daha çox siyasi qurum olduğunu deyərək, belə bir akademiyanın təsis edilməsini milli təhlükəsizlik baxımından zərərli hesab edib:
“Türk Dili Akademiyasının açılması dostları məyus edir, İran düşmənlərini sevindirir və ümidləndirir. Bu isə özlüyündə belə bir qurumun təsis edilməsinin səhv olduğunu göstərir”.
Türk dilini məhdud bir bölgənin və azlığın dili adlandıran müəllif bunun üçün hansısa qurumun yaradılmasının lazımsız olduğunu iddia edib və bildirib ki, yalnız “milli dil”in (fars dili) inkişafı və yayılması üçün elm və mədəniyyət xadimləri səfərbər edilməlidir:
“Türk Dili Akademiyasının yaradılmasının heç bir rasional, tarixi və siyasi əsası yoxdur. Bu qurumun vəzifələri haqqında deyilənlərin hamısı etibarsızdır və cahillikdən, qərəzdən irəli gəlir”.
Qeyd edək ki, “Sazendegi” qəzeti Kargüzarlar Partiyasının orqanıdır və keçmiş prezident Haşimi Rəfsəncaninin ideyalarını təbliğ edir. Qəzet bundan əvvəl bir neçə yazısında da türk millətini təhqir edib.