Bir çoxları düşünür ki, Urmiya ilə bağlı kürdcə olan mahnını oxuyan Mahsun Qırmızıgül deyil. Süni intellekt vasitəsi ilə düzəldiblər. Həmin mahnını Türkiyənin kürdəsilli müğənnilərindən İbrahim Tatlısəsin də ifasında eşitmişik. Onun da süni intellekt vasitəsi ilə düzəldildiyi iddia olunur. Biz güneyliləri isə narahat edən başqa məsələdir.
Bu sözləri AzerTimes-a Azərbaycan Cümhuriyyət Partiyasının sədri Araz Ataxan deyib.
O bildirib ki, Urmiyanın kürd vilayəti kimi təqdim olunması və təbliğatının aparılması güneyliləri narahat edir:
“Bizim problemimiz bu deyil ki, mahnını həqiqətən Mahsun oxuyub, ya yox. Problemimiz Urmiyaya qarşı başladılan psixoloji savaşdır. Bunu əxlaqi tərəfdən dəyərləndiririk. Çoxları deyir ki, Mahsun oxumayıb, ciddiyə almaq lazım deyil. Mən əksini düşünürəm. Bir milyondan çox insan bu mahnını paylaşıb. Gənclərə aşılanır. İşin pis tərəfi odur ki, hətta süni zəka vasitəsi ilə oxunubsa, niyə Mahsun və ya İbrahim bunu təkzib etmir? Etiraz da etməyiblər. Sanki azərbaycanlılara qarşı başladılan layihənin bir hissəsidirlər. Bax, bizi narahat edən budur. Həmin o müğənnilərin kürdlərlə bağlı layihədə nə dərəcədə yer alması, məsələnin siyasi və ictimai tərəfi bizi düşündürür. Mahnını internetdən silmirlər, paylaşımlardan götürmək də istəmirlər. Görünür, bu, səbəbsiz deyil. Blok etmək əvəzinə, əksinə, daha da yayırlar. Olduqca həssas məsələdir. Bu işdə İran rejimin əli olduğunu düşünürük”.
İranın kürd məsələsindən ən çox yararlanan dövlət olduğunu xatırladan Araz Ataxan bildirib ki, rəsmi Tehran bundan azərbaycanlılara qarşı silah kimi istifadə edir:
“İran rejimi Qərbi Azərbaycana qarşı mənfur siyasət həyata keçirir. Buranı kürd bölgəsi kimi təqdim etməyə səy göstərirlər. Azərbaycanlılar həm fars şovinizmi ilə, həm də kürd məsələsində daima ayıq-sayıq olmalıdılar. Bu da bir siyasətdir. Bizə qarşı hər cür psixoloji savaşa başlayıblar. Elə Urmiya haqqında internetdən məlumat əldə etmək istəsək, tarixin necə təhrif olunmasına şahid olarıq. Buranı şüurlu şəkildə Kürdüstanın bir parçası kimi təqdim etməkdən çəkinmirlər. Bilirik ki, Kürdüstan məsələsi dünya dövlətlərinin qlobal layihəsidir. Türklərin əleyhinə yönəldilib. Bu layihədə öndə gedən isə İrandır. Bu mahnıların paylaşımı da, kürdlərin bölgəmizə yerləşdirilməsi kimi məqsədli şəkildə həyata keçirilir. 100 il bundan öncə kürdlərin Urmiyada izi yox idi. İndi isə kürdlərə hərtərəfli dəstək nümayiş etdirirlər. Tarixi sənədlərdə də var ki, 300 min kürd şah zamanında İraqdan Qərbi Azərbaycana köçürülüb. İraq-İran savaşında isə bir milyona yaxın kürd Qərbi Azərbaycanda məskunlaşdırılıb. Baxmayaraq ki, Qərbi Azərbaycanda kürdlər heç on faiz təşkil etmir, lakin dünya ölkələri və İran rejimi kürdləri o bölgənin hakimi və əsas sakinlərindən biri kimi tanımağa başlayıblar. Bu durum güneyliləri narahat edir”.
Qeyd edək ki, Mahsun Qırmızıgülün ifasında Urmiyanın kürdlərə aid olması barədə mahnı Güneydə ciddi etirazla qarşılanıb.