İran KİV Hacıyevlə görüşü niyə səxavətlə tirajladı?

İran KİV Hacıyevlə görüşü niyə səxavətlə tirajladı?

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinu qəbul etməsində maraqlı məqamlar var. Məsələn, Azərbaycan mediası bu xəbəri demək olar ki, soyuqqanlı şəkildə, İran mətbuatı isə əksinə, olduqca geniş formada yayımladı. Burdan belə bir nəticəyə gəlmək olar ki, İran bu görüşdən məhz Cənubi azərbaycanlılara müsbət mesaj vermək üçün istifadə etməyə çalışır.

Bu sözləri AzerTimes-a şərhində politoloq Qabil Hüseynli Prezidentin köməkçisi Hikmət Hacıyevlə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin ötən gün baş tutan görüşünü şərh edərkən deyib.

“Hazırda İran çox böyük pressinq altındadır. Ona qarşı təzyiqlər artıb. Bu anda İran üçün ən vacib məqam Güney azərbaycanlıların inqilabi ruhunu yatırtmaqdır. Çünki hazırda Güneyə ABŞ-dan, Avropadan böyük dəstək var.

İran əvvəlcə rəsmi Bakı ilə hədələyici tonda danışdı. Hədə-qorxularına ciddi reaksiya verilmədiyini gördükdə isə təklif etdilər ki, Azərbaycan və İran XİN rəhbərləri görüşsün. İran özündən razı şəkildə Azərbaycan XİN rəhbərini Tehrana dəvət etdi. Bu görüşün baş tutacağı təqdirdə yenidən köhnə siyasət başlayacaqdı: yalançı qardaşlıq pərdəsi altında yenə də antiazərbaycan fəaliyyəti genişlənəcəkdi. Əlbəttə ki, bu görüş təklifinə müsbət yanaşılmadı və görüşün nazirliklərin mətbuat xidmətləri səviyyəsində, həm də Azərbaycan ərazisində aparılması təklif edildi”, – o bildirib.

Professor qeyd edib ki, buna da haqlı səbəbimiz var:

“Xəbərin təqdimatından belə görünür ki, Prezidentin köməkçisi ilə görüşə İran səfiri təkid edib. Əlbəttə, Azərbaycan hər zaman danışıqlara və dialoqa açıq ölkə olub və bu siyasət də davam edəcək. O şərtlə ki, bu danışıqlar imitasiya və bundan hansısa məqsədlər üçün istifadə edilməsin. Ancaq bu cür görüş və müzakirələrin səmimi olması üçün əvvəlcə İran səfirliyi ona məxsus maşınla dövlətimiz əleyhinə daşımalar həyata keçirməsinə, o cümlədən Azərbaycanda casusluq fəaliyyətinə dəstək verməsi barədə faktlara aydınlıq gətirməlidir”.

Politoloqun sözlərinə görə, İranın Azərbaycana qarşı əməli addımları son aylar o qədər çoxalıb ki, bu görüşlər heç nəyi həll edə bilməz:

“İran 10 noyabr 2020-ci il bəyanatının şərtlərini pozmaq üçün Ermənistana hər cür dəstək göstərir, Zəngəzur dəhlizinin açılmasına qarşı bütün gücü ilə çıxır, o cümlədən Ermənistanı iqtisadi-hərbi baxımdan gücləndirir, Azərbaycana qarşı isə casus fəaliyyətini artırır. Bu siyasət davam etdiyi müddətdə münasibətlərin düzəlməsindən söhbət gedə bilməz”.

Teqlər: