İsveçdə Qurani-Kərimin yandırılmasına qarşı müsəlman ölkələrinin reaksiyaları fonunda İranın yalnız Azərbaycan Respublikasında yayılmaq – yəni antitəbliğat üçün yaratdığı “Səhər” kanalı ölkəmizə qarşı yeni “ittihamla” çıxış edib.
AzerTimes xəbər verir ki, Səhər TV ölkəmizə qarşı növbəti böhtanında guya “bütün dünyanın İsveçdə Quranın yandırılmasını lənətləndiyi bir vaxtda” Azərbaycanın susqunluq nümayiş etdirdiyini iddia edib.
Növbəti dəfə islam təəssübkeşi, Quran müdafiəçisi, dünya müsəlmanlarının qoruyucusu missiyasını yerinə yetirdiyi əbəs yerə isbatlamağa çalışan bu “islam respublikası” Azərbaycana hücum üçün təbliğatçılarına yeni tapşırıq verib.
Quranın yandırılmasına qarşı çıxmamaqda Azərbaycan Respublikasını ittiham etməyə qalxan İranın Səhər TV-si İsveç XİN-ə demarş edən müsəlman ölkələri səfirlərinin ilklərindən birinin Azərbaycan səfiri olduğunu çox yaxşı bilir. O ki qaldı Quran, islam, din təəssübkeşliyinə…
– Azərbaycanın işğal olunmuş torpaqlarında 67 məsciddən 65-ni məhv edən, məsciddə donuz saxlayan və bunu çəkib, bütün dünyaya göstərən Ermənistana qarşı İranın hansısa addım atdığını 30 ildə görən olmadı;
– 1 milyondan artıq müsəlman evindən didərgin salınanda İran Ermənistanla əlaqələrini daha da inkişaf etdirməklə məşğul oldu;
– Azərbaycan müsəlmanlarının evinin qarət edilib, daşına-çınqılına qədər daşınmasında Ermənistana əməli yardım etdi;
– Müsəlman torpağının işğalının rəsmiləşməsi üçün 30 ildə əlindən gələni əsirgəmədi, hətta 44 günlük savaşda – müsəlman torpaqlarının işğaldan azad edilməsi zamanı İanın Ermənistana necə dəstək verdiyini və Ordumuzun qarşısına çıxıb ermənilərə necə vaxt qazandırdığı da hər kəsə bəllidir – hələ torpaqların işğaldan azad olunmasından sonra İranın mövqeyi, Azərbaycana qarşı sərhədimizdə hərbi təlimlər keçirməsi, səfirliyimizə hücumu və s. haqda danışmırıq.
Daha bir fakt:
Ötən il mayın sonunda Hindistanın hakim Bharatiya Janata Partiyasının (BJP) sözçüsü Nupur Şarma televiziyada debatda çıxış edərək Məhəmməd Peyğəmbər haqda təhqiramiz ifadələr işlətmişdi. Partiyanın digər üzvü Kumar Cindal da Tvitter səhifəsində peyğəmbər haqqında aşağılayıcı ifadələr söyləmişdi.
O zaman Azərbaycan da daxil olmaqla, 15 müsəlman ölkəsi Hindistana etirazlarını bildirdi, 57 üzv dövləti birləşdirən İslam Əməkdaşlıq Təşkilatı və Körfəz Əməkdaşlıq Şurası da Hindistana etiraz bəyanatı verdi.
İran xarici işlər naziri isə növbəti ay Hindistana səfərə gedib, əlaqələrin inkişafı, dostluq-qardaşlıq barədə bəyanatlar verdi.
Budur İranın din “təəssübkeşliyi”, islam “himayəçiliyi”!
Peyğəmbəri təhqir edən, müsəlman əhalisinə qarşı ayrı-seçkiliyi ilə hər zaman gündəmə gələn Hindistan hökuməti ilə birləşib, məscidlərdə donuz saxlayan Ermənistana yardıma tələsən, bu işğalçı ölkədən “beynəlxalq yol” çəkməyə çalışan, Ermənistana Hindistan silahlarının daşınmasına çalışan da İrandır.
İran – islamdan yalnız öz siyasi iddialarını genişləndirmək üçün sui-istifadə edən, müsəlman ölkələri arasında onillərdir təfriqə salmağa çalışan ölkədir.
İranın islam adına danışmağa heç bir haqqı yoxdur.