İran hazırda narahatdır və bunu fərqli formalarda nümayiş etdirir.
Bu sözləri AzerTimes-a Ermənistan və ABŞ-ın qarşıdakı doqquz gün ərzində keçirəcəyi birgə hərbi təlimlər haqqında danışan Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, siyasi şərhçi Fərhad Məmmədov deyib.
Siyasi şərhçi İranın Ermənistanın Rusiyasız yeni təhlükəsiz konsepti qurmaq istədiyini gördüyünü bildirib:
“Narahatlığın səbəbi Tehranın İrəvanla bağlı atdığı addımların qarşılığını tam mənası ilə ala bilməməsidir. Qeyri-rəsmi formada Ermənistanda İran hərbçilərinin olması ilə bağlı məlumatlar var, ancaq sözügedən istiqamətdə xüsusi müqavilə yoxdur. Yəni İran müraciət ediləcəyi təqdirdə Ermənistana qoşun yeridə bilməsi üçün qarşı tərəflə xüsusi bir sənədlə bəhs etdiyimiz məsələnin reqlamentləşdirilməsinə ehtiyac duyur. Digər bir məqam odur ki, rəsmi Tehran da Paşinyanın proqnozlaşdırıla bilməyən siyasət yürütdüyünü, ölkəsinin təhlükəsizliyi arxitekturasında dəyişiklik apararaq Rusiyanı Qərblə əvəz etmək niyyətində olduğunu görür. Belə bir vəziyyət İran üçün də təhlükə kəsb edir. Ona görə də İran Ermənistana qarşı nisbətən sərt mövqe sərgiləyərək bəhs etdiyimiz müqavilənin imzalanması məsələsini qaldırır”.
Fərhad Məmmədov rəsmi İrəvanın öz məntiqsiz siyasəti ilə ölkəni müxtəlif güclər arasında rəqabət meydanına çevirdiyini vurğulayıb:
“Paşinyan hökuməti bütün dəstək aldığı tərəfləri onların arasındakı ziddiyətləri nəzərə almadan eyni anda Azərbaycana qarşı qaldırmaq istəyir. Ancaq siyasətdə heç nə qarşılıqsız deyil və dəstək göstərənlərin də Ermənistandan almaq istədikləri şeylər var, lakin qarşılıq görmürlər. Aparılan məntiqsiz siyasətin son nəticəsində isə ölkə tədricən həmin qüvvələr arasında rəqabət, toqquşma meydanına çevrilir”.