Tehran uzun illər terrorla mübarizədə Türkiyəyə qarşı səmimi, açıq və dürüst olmayıb. İran Prezidenti ilk dəfə bəyan etdi ki, Türkiyənin terror təhlükəsizliyi İslam Respublikasının da güvənliyidir. İllərlə Türkiyəyə qarşı savaş açan PJAK İrandan dəstək aldı, Tehran PKK ilə koordinasiyalı hərəkət etdi. Tehran İraq və Suriyada terror ünsürlərinin öz xeyrinə hərəkət etməsi üçün zaman-zaman bu qurumlardan bəhrələnirdi.
Bu sözləri AzerTimes-a Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz Ankara və Tehranın kürd terror təşkilatlarına qarşı birgə mübarizə aparacaqları ilə bağlı əldə etdikləri razılıq haqqında danışarkən deyib.
Onun sözlərinə görə, İranın terrorçu qruplarına qarşı mübarizə ilə bağlı verdiyi sözlər çox önəmlidir:
“İran ilk dəfə olaraq terrorla mübarizədə əməkdaşlığı inkişaf etdirəcəyini bəyan etdi. Terrorçulardan öz ölkələrinin xeyrinə istifadə etmək çox riskli və təhlükəlidir. Bir gün bu ünsürlər onlara dəstək verən dövlətləri də təhdid edə bilərlər. Bu mərhələdə region ölkələri İraq, Suriya, İran və Türkiyə Güney Azərbaycanımızda, o cümlədən İraq və Suriyada terror dövlətlərinin yaradılmasına qarşı birgə çıxmalıdırlar. Ölkələr burada öz şəxsi maraqlarından çıxış etsələr, orta və ya uzunmüddətli perspektivdə ziyan görə bilərlər”.
Türkiyənin bölgədə sülhün təmin edilməsində maraqlı olduğunu deyən hərbi ekspert bildirib ki, Ankara Tehran hökumətindən qarşılıqlı səmimiyyət gözləyir:
“Ötən günlərdə İraq və Pakistanla bağlı yarana biləcək gərginlik və hadisələrin nə İrana, nə də bölgəyə faydası var idi. Bu mənada Türkiyə tərəflərə anlaşmaq üçün öz fikir və tövsiyələrini verdi. Hesab edirəm ki, Ankaranın bu məsləhəti faydalı oldu. Ümid edirəm, İran da terrorla mübarizədə indiyə qədər göstərmədiyi dürüstlük və səmimiyyəti nümayiş etdirəcək. Türkiyəyə qarşı İraq, Suriya və Qəndildəki PKK dəstələrinə dəstək verməklə göstərdiyi ikili standartlara son qoyacaq. Türkiyə İrandan şəffaflıq, səmimiyyət və əsl mübarizə gözləyir”.