İran iki qardaş xalq arasındakı tarixi dostluq əlaqələrinə kölgə salacaq əməllərdən çəkinməlidir – Deputat

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bütün qonşuları ilə, o cümlədən İranla dostluq və qardaşlıq münasibətini ortaya qoyub. İranın isə Azərbaycana qarşı mövqeyi birmənalı olmayıb. Bu, özünü daha çox işğalçı Ermənistanla münasibətdə göstərib. Belə ki, Ermənistan Azərbaycan ərazilərini işğal etməyə başladığı ilk günlərdən İran əlində daim şüar etdiyi “müsəlman müsəlmanın qardaşıdır” kəlamını unutdu, heç bir münasibət bildirmədi, ikili standartlardan çıxış etdi, işğalçı dövlətlə əlaqələrini bütün sahələrdə daha da genişləndirdi. İran müsəlman dövləti kimi özünü İslam dünyasının bir parçası hesab edir, hətta dəfələrlə öz ölkəsini müsəlmanların dayağı adlandırır, lakin reallıqlar bunun əksini göstərir”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, işğal edilmiş ərazilərdə 67 məscid olub: “Həmin məscidlərə Ermənistanın necə divan tutduğu göz qabağındadır. İran bir dəfə də olsun müsəlman dövləti olaraq buna etiraz etməyib. İşğal dövründə mütəmadi olaraq Ermənistan tərəfindən dağıdılmış məscidlərin fotoları yayılır, müsəlmanları təhqir etmək məqsədilə orada donuzlar saxladıqlarını açıq göstərirdilər. Özünü müsəlmanların dayağı adlandıran bu İslam dövləti isə həmin təhqiramiz mənzərələrə susurdu. Təbii ki, işğal dövründə həmin ərazilərdə İranın reallaşdırdığı layihələr, separatçılara müxtəlif “yardımları” hamıya məlum idi.

“İranın gözü qabağında 1 milyondan artıq azərbaycanlı öz yurdlarından qovuldu, 30 ilə yaxın müddət ərzində məcburi köçkün şəraitində yaşadılar, məşəqqətlərlə üzləşdilər. Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi dövründə isə İran yalnız gecikmiş bir bəyanatla çıxış etdi. Bunu o zaman səsləndirdilər ki, artıq Ordumuz böyük bir ərazini azad etmişdi, sürətlə irəliləməkdə davam edirdi və qarşısıalınmaz olduğu hamıya məlum idi. Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra da eyni əməllərini davam etdirən İran separatizmi maddi-mənəvi olaraq dəstəkləməkdə davam edirdi. Ermənistanın avtomobil nömrələrindən istifadə etməklə Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan Azərbaycan ərazisindəki məhv edilmiş separatçıların qalıqlarına silah-sursat, ərzaq, yanacaq daşıyır və separatizimə rəvac verirdi. Təbii ki, Azərbaycan qəti addımlar ataraq bunun qarşısını aldı. Artıq Gorus-Qafan yolunda polis və sərhədçilərimiz post qurub, İranın bu cür əməllərinin qarşısını alır”, – S.Möhbalıyev qeyd edib.

“Bu gün İran rəsmiləri yersiz bəyanatlarla Azərbaycanı əsassız olaraq ittiham edir, müxtəlif hədələr yağdırır, sərhədlərimizə yaxın ərazilərdə hərbi təlimlər keçirirlər. Azərbaycanla sərhəddə buna nə ehtiyac var!? İranın bu davranışları, həqiqətən də, təəssüf doğurur və məyus edir. İran regionda gedən prosesləri dərindən araşdırmalı, Azərbaycana sərgilədiyi mövqeyini hərtərəfli təhlil edib dəyişməli, iki qardaş xalq arasında olan tarixi dostluq əlaqələrinə kölgə salan bu cür əməllərdən çəkinməlidir. Bunu xatırlamaq yerinə düşər ki, ABŞ İrana qarşı sərt mövqe nümayiş etdirəndə və bu məsələdə Azərbaycanın imkanlarından yararlanmağa çalışanda Prezident İlham Əliyev İrana qarşı Azərbaycandan üçüncü bir dövlətin bu və ya digər şəkildə fəaliyyətinə imkan verilməyəcəyini açıq şəkildə bəyan etmişdi”.

Teqlər: