İranın Quru Qoşunlarının komandanı, briqada generalı Kiyumərs Heydərinin başçılıq etdiyi hərbi nümayəndə heyəti ikitərəfli hərbi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Moskvaya səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, ikitərəfli danışıqların rəsmi hissəsi Quru Qoşunlarının Baş Komandanlığında keçirilib, burada hər iki ölkənin silahlı qüvvələrinin döyüş hazırlığının artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsi, hərbi əməkdaşlıq və qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub
“İran Rusiya tərəfindən Yaxın Şərqin əsas dövlətlərindən biri kimi qəbul edilir, o, Rusiyanın strateji tərəfdaşıdır. Daimi intensiv siyasi dialoq bizim tərəfdaşlığımızın hazırkı mərhələsinin xarakterik xüsusiyyətidir”, – deyə Rusiya Quru Qoşunlarının rəisi, ordu generalı Oleq Salyukov bildirib.
Qeyd olunur ki, Salyukov və Heydari əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
İran nümayəndə heyəti Moskvaya səfəri çərçivəsində quru qoşunlarının hərbi məktəblərinə və hərbi sənaye kompleksinin müəssisələrinə baş çəkəcək.