İran İslam Respublikasının Astara şəhərində Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında işçi görüş keçirilib.
Dövlət Gömrük Komitəsindən AzerTimes-a verilən məlumata görə, tədbir İran İslam Respublikası Gömrük Administrasiyasının dəvəti əsasında baş tutub.
Azərbaycan tərəfindən görüşdə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov, Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi Mirmahmud Miratayev, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, Komitənin digər məsul şəxsləri və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Qalib Əbdüləliyev iştirak edib.
İran tərəfindən isə görüşə Gömrük Administrasiyası Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Hossein Kakhki, Ərdəbil Ostanının Gömrük İdarəsinin rəhbəri Pərviz Təqəvi, Astara, Biləsuvar və Culfa gömrük-keçid məntəqələrinin rəhbərləri və İran İslam Respublikası Baytarlıq Xidmətinin məsul vəzifəli şəxsləri qatılıb.
Tədbirdə Azərbaycan və İran arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyi, iki ölkə arasında təsdiq olunmuş beynəlxalq baytarlıq sertifikatı əsasında İran İslam Respublikasının ərazisindən tranzit keçməklə iri və xırdabuynuzlu heyvanlar, atlar, diri quş və quşçuluq məhsullarının, birgünlük cücələr və damazlıq yumurtaların Azərbaycan Respublikasından Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə daşınmasının təmin edilməsi məsələləri müzakirə olunub.
Giriş sözü ilə çıxış edən İran İslam Respublikasının Gömrük Administrasiyası Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Hossein Kakhki Azərbaycan və İran arasında mövcud əlaqələrdən danışıb, Azərbaycan-İran əlaqələrinin möhkəm dostluq və yüksək strateji tərəfdaşlıq səviyyəsində olduğunu bildirib. İki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq əlaqələrinin inkişaf etdiyi, ticarət dövriyyəsinin həcminin artdığı qeyd edilib.
Dövlət Gömrük Komitəsi Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev Azərbaycan və İran arasında qarşılıqlı münasibətlərin strateji əməkdaşlıq səviyyəsində daha da genişləndiyini, gömrük orqanlarının da bu əlaqələrin inkişafına öz töhfəsini verdiyini deyib.
Görüş zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Qalib Əbdüləliyev iki ölkənin gömrük xidmətləri arasında sıx əməkdaşlığın digər qurumların işinə də müsbət təsir göstərdiyini bildirib, iki ölkənin müvafiq qurumları arasında əvvəlcədən aparılmış səmərəli danışıqlar nəticəsində beynəlxalq baytarlıq sertifikatının tətbiqinə razılıq verildiyini diqqətə çatdırıb.
Görüşdə Naxçıvan Muxtar Respublikasından Azərbaycanın digər bölgələrinə və əks istiqamətdə göndərilən diri heyvanların və quşların İran İslam Respublikasının ərazisindən tranzit keçidinin təmin edilməsi məsələsinin icrasına başlanılması ilə bağlı razılıq əldə edilib. Artıq fevralın 10-dan etibarən sadalanan məhsulların tranzit keçidi təmin edilir.
Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.