“Azad İran” Teleqram kanalının İranın ali rəhbəri Əli Xamenei haqqında paylaşımı ictimaiyyətdə birmənalı qarşılanmayıb. SEPAH-ın Qüds qoşunlarının keçmiş komandanı, general Qasım Süleymani və “Hizbullah” hərəkatının rəhbəri Həsən Nəsrullahla birlikdə Xameneinin şəklinin dərc olunması növbəti hədəfin ali rəhbər olduğu haqqında fikirlər formalaşdırıb.
Xatırladaq ki, 2022-ci ildə tez-tez mediada İranın dini lideri Əli Xameneinin ağır xəstə olması, buna görə Ali Şuranın toplantısının təxirə salınması barədə məlumatlar yayılırdı. Bu gün də 85 yaşlı ali rəhbərin səhhətinin yaxşı olmadığı ilə bağlı fikirlər gündəmə gəlməkdədir.
Bu realdırmı? Ali dini liderə qarşı hər hansı qəsdin nəticəsində İranda sonrakı proseslər hansı şəkildə cərəyan edə bilər?
AzerTimes xəbər verir ki, Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu Globalinfo.az-a deyib ki, İsrailin xüsusi xidmət orqanı MOSSAD-a bağlı sosial şəbəkələrdə İranın dini lideri Əli Xamenei açıq şəkildə hədələnib:
“Belə ki, Xamenei, Qasım Süleymani və Həsən Nəsrullahın şəkli yanaşı verilmiş, Xameneinin bu gün sonuncu cümə namazını qılacağı qeyd olunmuşdu. Bu, İranın dini liderinə qarşı birbaşa təhdiddir.
İranda idarəetmə sistemində əsas qərarverici, kilid şəxs ali dini rəhbər hesab olunur. İran ali rəhbərliyi həddindən artıq yüksək statusdur. Hələ bir müddət əvvəl İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian özünün X hesabında Xamenei haqqında etdiyi paylaşım da buna nümunədir. “Sistemin ümumi siyasətləri, müharibə və sülh məsələləri barədə qərar vermək Xameneinin səlahiyyətindədir, Pezeşkian isə ona tabedir və heç vaxt onun əmrlərinə qarşı çıxmaz” – deyə qeyd etmişdi.
Hər hansı fors-major vəziyyət baş verərsə, rəsmi Tehran üçün ciddi imtahan mərhələsi başlamış olar. Bəs İran buna hazırdırmı? İran Prezidenti İbrahim Rəisinin ölümündən sonrakı proseslər də onu göstərir ki, Tehran artıq sözügedən ehtimallara maksimum səviyyədə hazırlaşmağa çalışır. Əli Xameneinin təhlükəsizliyini təmin etmək üçün ciddi formada fəaliyyət göstərir. İsrail belə bir addım atmaq istəsə, böyük çətinliklərlə qarşılaşacaq”.