Martın 25-i hər şeydən öncə Bütöv Azərbaycan üçün dönüş nöqtəsidir. Azərbaycanın Güneyi, Quzeyi başımızda olan acı talelər əsasında yaranmışdı.
Bu sözləri AzerTimes-a Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının başqanı, siyasi fəal Eldar Qaradağlı deyib.
O, martın 25-də Brüsseldə keçiriləcək Avropada yaşayan Güney azərbaycanlılarının “Azadlıq və Ədalət“ yürüşündən böyük gözləntilərinin olduğunu vurğulayıb. Azərbaycanı sevən hər kəsi bu mücadilə meydanına toplaşmağa səsləyib.
“Biz böyük meydanda yaşayırıq, böyük meydanda mübarizə edirik. O meydanın adı yaşam meydanıdır. Bizdən sonrakı varlığımıza, yeni nəslimizə, övladlarımıza ərməğan olsun deyə Güneyimizin azadlığını, müstəqilliyini, işğaldan qurtarmasını hər şeyin üstündə görürük. Odur ki, martın 25-də müstəqil Azərbaycanımızın, istiqlaliyyətə yönəlik Azərbaycanımızın dünyada səsini, haqlı harayını ortaya qoymağa çalışırıq. Biz bu tarixi Azərbaycanımızın dünyada yeni səhifəyə malik olması günü kimi görürük. Bu günü biz hədəflədiyimiz 5 minlik mitinqlə, yürüşlə, birlikdə aparacağıq. Biz əlimizdən gələni edirik və edəcəyik. Bu məsələ ilə bağlı hər hansı kiçik bəhanələri aradan qaldırıb, böyük hədəfimizə çatmağa çalışırıq Biz indidən martın 25-ni öz zəfər təqvimimizə sala bilərik. Bunun da qarşısını kəsəcək hər hansı güc yoxdur”.
Onun sözlərinə görə, “Azadlıq və Ədalət” yürüşü ilə bağlı fars rejimi çox narahat olub, hər vəchlə aksiyaya mane olmağa çalışırlar:
“Lakin əldə etdiyimiz bilgilərə görə, İran rejimi və fars müxalifəti bu məsələni qara-qara düşünməkdədir. Hətta Rza Pəhləvi İrana bu məsələ ilə bağlı nota verib ki, bunun qarşısını alsın. Bu, onların ikisinin bir yerdə əməkdaşlığını göstərməkdədir. Bizim üçün farsçı faşizmin mücahidi, şahçısı və mollası yoxdur. Bizim üçün farsçı faşizim bir sistemidir ki, o da aradan qaldırılmalıdır. Dünyada aparteidin son pərdələri İslam Respublikasının yıxılması ilə çəkiləcək, mənfur rejimin çöküşü ilə bitəcəkdir. Biz əminik ki, millətimiz qalib gələcəkdir”.
Eldar Qaradağlının sözlərinə görə, Şimali Azərbaycan Güney Azərbaycananın taleyinə biganə deyil, bu hər zaman da belə olacaq:
“50 milyonluq Azərbaycan türk millətinin qalibiyyəti indidən görünməkdədir. Prezidentimizin dediyi kimi, 40 milyonluq qandaşımızın Güney Azərbaycanda taleyi, əlbəttə ki, Azərbaycan dövlətini ilgiləndirir. Bundan sonra da daha dərindən maraqlandıracaq. Buna əminik. Məqsədimiz Azərbaycanımızın Güneyinin müstəqil bir hərəkat olduğunu, milli hərəkatın isə tam olaraq rəhbər bir hərəkat olduğunu göstərməkdir. Həmçinin, başqa xalqların, digər əsir millətlərin bir araya toparlanma gücünü ortaya qoymaq tablosudur. Bir daha dünyaya göstərməliyik ki, Azərbaycansız İran adlanan ölkənin varlığı yoxdur. Azərbaycanın varlığı ilə o bölgənin gələcəyi, xəritəsi yaranacaqdır. Buna əminik və bu əminliklə də ayın 25-də orada olacağıq. Sizləri də orada görmək istəyirik”.