Ukrayna Xarici İşlər Nazirliyi İranın cavab bəyanatında “bəzi üçüncü tərəflərin təsiri ilə” sözlərinə sərt cavab verib. Kiyev İranın Rusiyaya dronlar satmasını xatırladıb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko “Ukrainskaya Pravda” nəşrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yeganə “üçüncü tərəf” Rusiya ordusunun xidmətində olan İran pilotsuz təyyarələridir.
“Yeganə “üçüncü tərəf” Ukraynanın öz səmasında vurduğu İran pilotsuz təyyarələridir. Tehran Ukrayna ilə münasibətlərin pozulmasına görə tam məsuliyyət daşıyır”, – Nikolenko deyib.
Qeyd edək ki, Ukrayna İran səfirinin akkreditasiyasını ləğv edib və Tehranla diplomatik əlaqələri aşağı səviyyəyə keçirib. Buna səbəb kimi İranın Rusiyaya PUA-lar satması göstərilib. İran isə Kiyevin bu addımı “üçüncü tərəflərin təsiri ilə” atdığına eyham vurub.