Əslində çox şey olmadı. Mən Təl-Əviv yaxınlığında evdə televizora baxırdım və indi də evimdəyəm. Sonuncu raketlərin və PUA-ların vurulduğunu eşitdikdən sonra sakitcə yatağa getdim. Ümumiyyətlə, panika yox idi. Dəmir Qübbə aviasiya ilə birlikdə həmişəki kimi yaxşı işləyirdi. O ki qaldı İsrailin cavabına, burda lehinə və əleyhinə olan bir neçə arqument var.
AzerTimes xəbər verir ki, bunu “Nativ” təhlükəsizlik xidmətinin rəhbəri, keçmiş israilli diplomat Yakov Kedmi Rusiya mətbuatına açıqlamasında bildirib.
O, əleyhinə olan arqumentlər arasında vəziyyəti sakitləşdirmək, vəziyyəti gərginləşdirməməklə bağlı İsrailə qarşı çağırışların olmasını qeyd edib:
“İranın hücumunun dəf edilməsində ABŞ, Fransa, Britaniya və İordaniya Hərbi Hava Qüvvələri və qismən də dəniz qüvvələri iştirak edib və bu ölkələr indi İsrailin heç bir cavab tədbiri görməməsi və gərginliyin yeni mərhələsinin baş verməməsi üçün istəklərini ifadə edirlər.
İsrail üçün belə beynəlxalq dəstək çox vacibdir və siyasi baxımdan ondan imtina etmək ağılsızlıq olardı. Üstəlik, (aprelin 13-ü) gecə baş verənlər göstərdi ki, İranın əslində bizə ciddi ziyan vurmaq imkanı yoxdur. Və bu, Hizbullahla bağlı əlavə və çox ciddi arqument ola bilər. Onlar danışıqlar prosesində güzəştə gedə bilər. BMT-nin 1707 saylı qətnaməsi ilə müəyyən edilmiş mövqelərdən geri çəkilməsinə şans yaranacaq. Eyni nöqteyi-nəzərdən, İranın hücumu, daha doğrusu, heç bir nəticənin olmaması HƏMAS-a da təsir göstərə bilər. İran raketlərinin və PUA-larının vurulmasına fəal kömək edən İordaniya kimi digər ərəb ölkələri ilə əlaqələrin möhkəmlənməsinə də şans yaranır.
İranın bizə verdiyi bəhanədən yararlanmaq və cavab zərbələri ilə öz nüvə proqramını, nüvə silahı istehsal olunan bütün müəssisələri məhv etmək lazımdır. Əslində, anlamalıyıq ki, hücumla bağlı qərarı dörd nəfər verir: Baş nazir, müdafiə naziri və digər iki nazir (hərbi kabinet). Bu dörd nəfərdən üçü keçmiş Baş Qərargah rəisidir. İndi öz aralarında nə razılaşırlar, hansı davranış taktikasını seçəcəklər, bilmirəm və heç kim bilmir. Yalnız zaman göstərəcək”.
Təhlükəsizlik üzrə mütəxəssis bu münaqişənin daha da genişlənəcəyi və bölgədə irimiqyaslı əməliyyatlara gətirib çıxaracağı ilə bağlı fikirlərə də münasibət bildirib:
“Bu, Üçüncü Dünya müharibəsinə səbəb olmayacaq. Gecə baş verənlər daha açıq şəkildə göstərdi ki, hərbi və siyasi baxımdan heç kim İranın tərəfini tutmayacaq. Onu heç kim dəstəkləməyəcək, hətta özünün yaratdığı iranyönlü terror təşkilatları belə. Əksinə, ərəb ölkələri raket və PUA-ları vuraraq İranın hücumunun qarşısını hərbi yolla almağa çalışdılar. Beləliklə, İranın bütün islam dünyasını İsraillə döyüşmək üçün qaldıracağı ilə bağlı fantaziyalar, məncə, tamamilə əsassız çıxdı”.