Türkiyə və Azərbaycan bölgədə sülhün bərqərar olması üçün önəmli addımlar atır. Tehran isə bunu bir təhlükə kimi görür. Amma İran yanılır.
Bu sözləri AzerTimes-a Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Ünal Atabay deyib.
Son günlər İranın Azərbaycana düşmən münasibətini təhlil edən ekspert bildirib ki, qonşu ölkənin təhdid və sui-qəsdlərinin qarşısı alınmazsa, gərginlik dinamikası daha da arta bilər:
“İran Türkiyə-Azərbaycan və İsrail əlaqələrindən narahatdır. Hətta nəzərdə tutulan üçtərəfli ittifaqa da qarşı çıxır. İkinci Qarabağ savaşından sonra İranın Ermənistan əlaqələri daha da möhkəmləndi və Azərbaycana düşmən kəsildi. Əslində, bu cür davranışlara gərək yox idi. Çünki Bakı bölgədə sülhün və dostluğun tərəfdarıdır. İkinci Qarabağ savaşı da Cənubi Qafqaza barış gətirdiyi üçün önəmli hesab olunmalıdır. Təəssüf ki, İran tərəfi bunun fərqində deyil”.
İranın ərazi bütövlüyünü bəhanə edib, aqresiv davranış nümayiş etdirdiyini deyən palkovnik Azərbaycanın qonşu ölkərə hər zaman dürüst münasibət bəslədiyini vurğulayıb:
“Azərbaycan İranın müstəqilliyinə təhlükə yaradan bir ölkə deyil. Sadəcə, Güney Azərbaycanda yaşayan 40 milyona yaxın soydaşlarının hüquqlarına BMT qanunlarına və beynəlxalq hüquqa uyğun olaraq əməl olunmasını istəyir. Bu haqları müdafiə etmək daxili işə qarışmaq anlamına gəlməməlidir. Bu məsələni İran yanlış anlayır. Mövcud rejim geopolitik oyunun bir parçası olmaq üçün həddi aşacaq dərəcədə hərbi gücə güvənir. Bunun sayəsəndə sabitliyi pozan və xaos yaradan qaydalarla hərəkət edir”.
O, İranın tədidlərdən öncə Azərbaycanın imkanlarını, əlaqələrini və hərbi potensialını hərtərəfli qiymətləndirməli olduğunu qeyd edib:
“İran Qarabağ savaşında hərbi triumf göstərən Azərbaycana cavab verəcək bacarığa sahib deyil. İran ordusu raket sistemləri və PUA-lara aktiv fəaliyyət göstərən bir modelə sahibdir. Bu model yaxşı öyrədilmiş Azərbaycan və Türkiyə ordusuna təsir edə bilməz. Azərbaycan və Türkiyənin birgə ortaya qoyduğu güc istənilən həmləni dəf etməyə qadirdir. İran bunu anlamalı, Azərbaycana qarşı siyasətini bir daha düşünməlidir”.