İran Milli Bankının (Bank Melli İran) Bakı filialına məxsus əmlaklar satışa çıxarılıb.
AzerTimes FED.az-a istinadən xəbər verir ki, söhbət müxtəlif vaxtlarda bankın balansında toplanan yaşayış (mənzil) və qeyri-yaşayış sahələridən gedir.
Ümumilikdə 3 mənzil və 6 qeyri-yaşayış obyekti, o cümlədən “Babək Plaza”da İran Bankına məxsus olan ofis sahələri satışa çıxarılıb.
Bankın satışa çıxardığı mənzillər Bakının mərkəzində, “28 May” metrosunun, Çay fabrikinin yaxınlığında, Kövkəb Səfərəliyeva küçəsi, ev 42 və 44 ünvanında yerləşən yeni tikilmiş binada yerləşir. Bunlar sahəsi 105 m2 olan 3 otaqlı və sahəsi 164-172 m2 olan 2 ədəd 4 otaqlı mənzillərdir. Mənzillər 18 mərtəbəli binanın 3-4-cü mərtəbələrində yerləşir.
İran Bankı təmirsiz mənzillərin kvadratmetrini birdəfəlik 1800 manatdan, kreditlə isə 2100 manatdan satışa çıxarıb. Bank satış prosesini sürətləndirmək üçün alıcılara kredit də təşkil edir – 30% ilkin ödənişlə qalan məbləğ illik 12% olmaqla 8 illik müddətə kreditlə verilir.
Bank bildirir ki, binalar qaz, işıq, su və liftlə təmin ediliblər.
İran Bankının satışa çıxardığı qeyri-yaşayış sahələrindən biri Bakının Nizami rayonunda Naxçivanski küçəsində yerləşən 48 kvadratmetrlik obyektdir, onun qiyməti razılaşma yolu ilə olacaq.
Ən böyük obyekt isə Bakının mərkəzində, “28 May” metrosunun, Çay fabrikinin yaxınlığında, Kövkəb Səfərəliyeva küçəsi, ev 42 və 44 ünvanında yerləşən yeni tikilmiş binada yerləşir, sahəsi 560 kvadratmetrdir. İran Bankı alıcılara bildirir ki, bu obyekt bank, klinika, super market, ticarət mərkəzi, restoran üçün münasibdir. Obyektin qiyməti 1 kvadratmetr üçün birdəfəlik ödənişdə 5 min manat, hissəli ödənişdə 5,5 min manatdır, bank mənzillərdə olduğu kimi, bu obyektin satışı üçün də kredit ayırmağa hazırdır. Bu obyekti almaq istəyənlərə 30% ilkin ödəniş olmaqla, illik 12%-lə 8 illik müddətə kredit ayrıla bilər.
İran Milli Bankının Bakıda satışa çıxardığı daha 4 kommersiya obyekti isə Bakının məşhur biznes mərkəzlərindən birində “Babək Plaza”da (Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanı) yerləşən ofis sahələridir.
Ofislə “Babək Plaza”da C blokunda, 3, 4, 6, 7-ci mərtəbələrdə yerləşir və sahələri 185-251 m2 arasında dəyişir. Bank bildirir ki, ofislər yaxşı təmirli və çıxarışlıdır.
İran Bankı “Babək Plaza”dakı ofislərin 1 kvadratmetrini birdəfəlik ödənişdə 2100 manata, hissəli ödənişlə isə 2400 manata təklif edir.
Digər obyektlərdə olduğu kimi, “Babək Plaza”dakı ofislərin satışı üçün də kredit təklifi var. Ofisləri almaq istəyənlərə bank 30% ilkin ödəniş olmaqla, illik 12%-lə 8 illik müddətə kredit ayırmağa hazırdır.