İran Bakıdakı səfirimizi hədələyir – İsrail

İran Bakıdakı səfirimizi hədələyir – İsrail

İsrail Xarici İşlər Nazirliyi İranın Bakıdakı səfiri Abbas Musəvini Təbrizlə bağlı paylaşım edən səfir Corc Diki hədələməkdə ittiham edib.

AzerTimes xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin rəsmisi Coşua Zərka məlumat verib.

“İran İsveç vətəndaşlarını qaçırmaqla hədələyir, çünki terrorçu İsveçdə həbsdədir. İranın Bakıdakı səfiri bizim səfirimizi kitab oxuduğuna görə hədələyir. Bu rejim öz ölkəsini, Təbriz də daxil olmaqla, öz xalqını ən pis səviyyəyə endirib və hər kəslə bir qarşıdurma başladır” – deyə Zərka vurğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə İsrailin Bakıdakı səfiri Corc Dik Tvitter səhifəsində maraqlı paylaşım etmişdi.

Səfir “Təbrizin sehrli nağılları” kitabını oxuyarkən çəkilən fotosunu bu sözlərlə paylaşmışdı:

“Bu yaxınlarda mənə ərmağan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bəs siz bu günlərdə nə oxuyursunuz?”

Corc Dikin paylaşımından dərhal sonra İranın Azərbaycandakı səfiri Abbas Musəvi ona cavab vermişdi:

“Bu macəraçı oğlancığazın məlumatı üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!”

Teqlər: