İran Azərbaycanla gərginliyi buna görə yaradır – Çınkara

İran Azərbaycanla gərginliyi buna görə yaradır – Çınkara

Fikrimcə, vəziyyətin gərginləşməsinin və toqquşmaların yaşanmasının əsas səbəblərindən biri də İran, Səudiyyə Ərəbistanı və Çin arasında əldə olunan razılaşmadır. Sözügedən razılaşma ilə İranın bölgədəki izolyasiyasının qismən zəiflədildiyini, əl-qolunun açıldığını deyə bilərik.

Bu sözləri AzerTimes-a İsraillə Fələstin və Livan arasında baş verən son hadisələrlə bağlı verdiyi açıqlamada Türkiyənin Nəcməddin Ərbakan Universitetinin Siyasi elmlər və dövlət idarəçiliyi kafedrasının müəllimi Gökhan Çınkara deyib.

Çınkara İranın müsəlman aləmində Türkiyənin yerinə keçmək üçün həmlələr etdiyini bildirib:

“Digər tərəfdən İranın Azərbaycanla gərginliyinin hədəflərindən biri də Türkiyəni çətin vəziyyətə salmaqdır. Əslində rəsmi Tehran müxtəlif istiqamətlərdə, eyni zamanda HƏMAS və Hizbullahdan istifadə edərək, Fələstin və İsrail münasibətlərini gərginləşdirərək, özünü önə çıxartmaq, müsəlman dünyasının hamisi kimi göstərmək istəyir. Ona görə də Türkiyədəki seçki ab-havasından faydalanaraq onun yerini doldurmaq üçün addımlar atır. İslam Əməkdaşlıq Təşkilatının təcili iclasının keçirilməsini istəməsinin də arxa planında bu var. Hazırki məqamda isə Misirin də hərəkətə keçdiyi görünür. Rəcəb Tayyib Ərdoğan da öz növbəsində həm İshaq Hersoq, həm də İbrahim Rəisi ilə telefon danışığı aparıb. İsrail də daha çox Livana yox, Qəzza sektoruna və Suriyadakı atəş məntəqələrinə qarşılıq verir. Ən son Livanın Baş naziri Nəcib Mikati verdiyi açıqlamada ölkəsinin İsraillə müharibə etmək niyyətində olmadığını, raket hücumlarını təşkil etmədiklərini rəsmi şəkildə elan etdi. İndiki mərhələdə İsrailin Yaxın Şərqdə böyük bir müharibənin başlayacağını düşünmürəm, lakin lokal xarakterli hansısa əməliyyatların aparılması mümkündür. Əqsa məscidi ətrafındakı proseslərə gəldikdə isə bütün hallarda beynəlxalq statusun qorunmasının önəmli olduğunu düşünürəm. İsrailin məsciddəkilərə qarşı ifrat gücdən istifadəsi, eyni zamanda müəyyən qrupların da Əqsa məscidinin içərisində bir sıra qanunsuz əməllərə yol verməsi qəbuledilməzdir”.

Teqlər: