İran Azərbaycanla E-Tir konvensiyasını inkişaf etdirmək niyyətindədir

Xəbər - Elnur Bağışov – Trend:

İran Azərbaycanla iki ölkə arasında pilot şəklində icra olunan
E-Tir konvensiyasını (proyekt) inkişaf etdirmək niyyətindədir.

Bunu AzerTimes-a açıqlamasında İranın Gömrük Administrasiyasının
beynəlxalq məsələlər üzrə idarəsinin baş direktoru Hüseyn Kaxəki
deyib.

H.Kaxəkinin sözlərinə görə, hal-hazırda İran və Azərbaycan
arasında E-Tir konvensiyası yol sahəsində icra edilir və İran bu
konvensiyanın dəmiryol tranzitinə tətbiq olunmasını istəyir.

Kaxəki əlavə edib ki, bununla əlaqədar 11 martda Bakıda
keçirilən Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və
humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclasında iki
ölkənin gömrük rəsmiləri arasında danışıqlar aparılıb.

Onun sözlərinə görə, 10 mayda Culfada (İran) İran və
Azərbaycanın gömrük rəhbərlərinin iştirakı ilə iclasın keçirilməsi
nəzərdə tutulub. Bu iclasda bir sıra məsələlər, eyni zamanda E-Tir
konvensiyası haqda danışıqlar aparılacaq.

Gömrük rəsmisi bildirib ki, koronavirus pandemiyası nəticəsində
iki ölkə gömrük rəsmilərinin iclaslarının keçirilməsi
dayandırılmışdı. Lakin sözügedən iclasda bu iclasların mütəmadi
şəkildə keçirilməsi qeyd olunub.

Gömrük rəsmisi deyib ki, iki ölkə arasında bir çox birgə gömrük
sənədləri mövcuddur. Bunlardan gömrük məsələləri üzrə qarşılıqlı
əməkdaşlıq memorandumunu misal göstərmək olar. Bu memoranduma
əsasən, iki ölkə gömrüklə əlaqədar müxtəlif məsələlər, o cümlədən
iş adamları tərəfindən təqdim olunan sənədlərin elan olunması üzrə
birbaşa şəkildə əməkdşalıq edir.

Teqlər: