Xəbər - Elçin Mehdiyev – Trend:
İran dövləti Azərbaycana düşmən olan və torpaqlarımızı uzun müddət işğal altında saxlayan, şəhər və kəndlərimizi, dini, tarixi, mədəni abidələrimizi məhv edən, xalqımızın başına olmazın müsibətlər gətirən, soyqrımılar törədən Ermənistanla daimi dostluq və qardaşlıq münasibətində olub.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Deputat bildirib ki, Azərbaycan qonşuluq münasibətlərini nəzərə alaraq uzun müddət bu halları qabartmamış və tarixi qələbəmizdən, torpaqlarımızın işğaldan azad edilməsindən sonra bu əməllərə son qoyulacağına ümidlər bəsləmişdir: “Təəssüflər olsun ki, İran dövləti Azərbaycanın ümidlərini doğrultmadı, əksinə Ermənistana maddi – mənəvi dəstəyini açıq – aşkar davam etdirdi. Dəfələrlə xatırladılmasına baxmayaraq, İran öz yolundan dönməyib və belə olan halda Azərbaycan bunun qarşısını almaq üçün lazımi tədbirlərə əl atdı, sərhədlərimizin mühafizəsi gücləndirildi, müəyyən ərazilərdə kömrük məntəqələri quruldu.
Bunun üçün inciməyə, münasibətləri pozmağa əsas yoxdur. Çünki Azərbaycan öz sərhədlərinin sahibidir və sərhədləri daxilində kiminsə ağalıq etməsinə yol verə bilmir”.