İran Azərbaycanı bu cür görmək istəyir

İran Azərbaycanı bu cür görmək istəyir

İranı narahat edən Azərbaycanın dünyəvi və müstəqil ölkə olmasıdır. Panfarsistlər müasir və inkişaf edən Azərbaycanın Cənubi Azərbaycanda milli oyanışa səbəb ola biləcəyini düşünürlər.

AzerTimes xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev İranın Azərbaycana qarşı son vaxtlar açıq düşmənçiliyinin səbibi haqda danışarkən deyib.

O bildirib ki, İran güneylilərin Azərbaycan Respublikasını problemlər və səfalət içərisində çabalayan bir ölkə kimi görməsinə çalışır:

“İrandakı rejim dini ideologiyaya yox, panfarsizm dünyagörüşünə söykənir. Problemlər də burdan qaynaqlanır. Rejim türklərə, İranda yaşayan digər xalqlara nifrət edir. Amma bu nifrət rejimin sonunu gətirəcək. Biz farslara yox, fars sovinizminə qarşıyıq. İrandakı rejim ölkənin bütövlüyünü qorumaq istəyirsə, digər xalqlara hörmət etməli, onlar barəsində aşağılayıcı lətifələr qoşub fars olmayanların milli heysiyyatına toxunmamalı, onlara öz dillərində yazıb-oxumağa, mədəniyyətlərini inkişaf etdirməyə imkan yaratmalıdır. Başqa xalqları əsarət altında saxlamaq üçün öz millətini – farsları da adi insani hüquqlardan məhrum etməməlidir.

Biz İranla həmişə yaxın qonşuluq münasibətləri qurmaqda və sıx əməkdaşlıqda maraqlı olmuşuq, bu gün də maraqlıyıq. Həmişə bəyan etmişik ki, bizim başqa dövlətlərlə əməkdaşlığımız İrana qarşı yönəlməyib, biz heç vaxt öz ərazimizdən İrana qarşı istifadə olunmasına yol verməyəcəyik. Biz İranın daxili işlərinə qarışmamışıq, separatizmi dəstəkləməmişik. Amma çadraya bürünmüş panfarsistlərin bizə münasibətdə yürütdüyü düşmənçilik siyasəti yaxın qonşu və dost ölkələr olmağımıza imkan vermir. İran yanlış olaraq düşünür ki, Azərbaycanla düşmənçilik onların maraqlarına cavab verir. Yaranmış gərginliyə və münasibətlərin korlanmasına görə bütün məsuliyyət İranın üzərinə düşür. İran münasibətlərin normal məcraya düşməsini istəyirsə, Azərbaycana yönəlik düşmənçilik siyasətinə son qoymalı, işğalçını və separatizmi dəstəkləməməli, Zəngəzur dəhlizinin açılmasına mane olmamalıdır”.

Teqlər: