Xəbər - Elnur Bağışov – Trend:
İran yayın sonuna qədər Azərbaycandan elektrik enerjisi idxalını davam etdirəcək.
Bunu AzerTimes-a açıqlamasında İranın Energetika Nazirliyinin sözçüsü Mustafa Rəcəbi Məşhədi deyib.
M.Rəcəbi Məşhədinin sözlərinə görə, Azərbaycandan idxal İranda elektrik istehlakı və hava şəraitinə uyğun olaraq dəyişəcək.
Nazirlik rəsmisi iyunun 12-də İranın Azərbaycandan 93 meqavat saat elektrik enerjisi idxal etdiyini deyib: “İran Azərbaycandan əvvəllər də elektrik enerjisi idxal edib. Müxtəlif zamanlarda ehtiyaca əsasən İran Azərbaycandan elektrik enerjisi idxal edir. Elektrik enerjisi idxalı ilə əlaqədar imzalanan müqavilələr müəyyən dövr üçün nəzərdə tutulur və davamlı olmur”.
M.Rəcəbi Məşhədi qeyd edib ki, İranın bütün sərhəd ölkələrlə elektrik enerjisi üzrə əmkdaşlığı var və ölkənin tələbinə uyğun olaraq elektrik enerjisinin idxal-ixracı ilə bağlı müqavilələr imzalanır.
Qeyd edək ki, İranın Energetika Nazirliyinin bildirdiyinə görə, İranın Muğan məntəqəsində elektrik xətti vasitəsi ilə İran Azərbaycandan gündəlik 130 meqavat saata qədər elektrik enerjisi idxal edə bilər.
Xatrıladaq ki, İranın energetika naziri Rza Ərdəkanian bu ilin yayında İranda ötən 50 ilin ən quraqlıq ili olacağını və İranın SES-lərinin elektrik istehsalının 3,2 min meqavat saat azalacağını deyib.