İran Azərbaycandan bu cür “qisas” alır – Sulduzlu

İran Azərbaycandan bu cür “qisas” alır – Sulduzlu

İran rejiminin Güney Azərbaycanın təbiətinə vurduğu ziyanı və insanlarımıza etdiyi pisliyi saymaqla bitməz. Bu siyasətin qaynağı və kökü dərindir.

Bu sözləri AzerTimes-a güneyli jurnalist və ekspert Rəhim Sulduzlu deyib.

O, Güney Azərbaycan meşələrinin yandırılaraq məhv olunmasını rejimin düşünülmüş siyasəti adlandırıb.

“Quzeyimiz müstəqil olandan sonra Güneyimizdə də milli şüurun oyanışı baş verdi. Milli mübarizə hərəkatımız daha da fəallaşdı. İndi baş verən prosesləri İran da anlayır və Güney Azərbaycanı nə vaxtsa itirəcəyini bilir. Bunu hətta rejim mənsubları da etiraf edib. Odur ki, Güney Azərbaycana yatırım qoyub, inkişaf etdirməyi sadəlövhlük hesab edirlər. Çalışırlar ki, fürsətləri varkən, bizim yerüstü və yaraltı sərvətlərimizi talan etsinlər. Meşələrin qırılması, kəsilməsi, hətta yandırılması da bu səbəblərdən qaynaqlanır. Azərbaycan təbiətinə bacardıqları qədər ziyan vurmaq niyyətindədilər”.

O, molla rejiminin meşələrə ziyan vurmaqla kifayətlənmədiyini diqqətə çatdırıb:

“Təkcə meşələrimiz deyil, bizim qızıl, mis yataqlarımız da talanır. Əldə olunan gəlirlər İranın çöl və səhra bölgələrinə yatırılır. Hökumət fars bölgəsini bizim sərvətlərimiz hesabına inkişaf etdirir. Bunların hamısı qərəzli münasibətdən doğur”.

Ekspert hökumətin Urmu gölünə olan münasibətinə də toxunub.

“Urmu gölünün quruması ekoloji fəlakətdir. Dəfələrlə deyilib və xəbərdarlıq olunub ki, gölün quruması təhlükə mənbəyidir. Hökumət heç bir əsaslı tədbir görmür. Çünki gölün quruması İrana sərf edir. Ətrafda yaranan quraqlıq səbəbindən milyonlarla əhali köçüb başqa şəhərlərə getməyə məcburdur. Baxmayaraq ki, Yaponiya hökuməti hər il bu gölün bərpası üçün 1milyon dollar vəsait ayırır. Lakin bu pullar hökumət tərəfindən mənimsənilir. Amerikanın ekologiya fondu da 35 milyon dollar pul ayırıb. Bu pulun da hesabını heç kim İran hökumətindən soruşmur”.

Rejimin bu addımlarının səbəblərini sadalayan ekspert İran hökumətinin bu yolla qisas aldığını bildirib:

“İstəkləri budur ki, Güney Azərbaycan İrandan ayrıldığı zaman yoxsul və əsrarəngiz təbiəti məhv olunmuş vəziyyətə düşsün. Bu yolla qisas aldıqlarını zənn edirlər. Dünyanın hər yerində sərhədə yaxın yerlər daha zəngin olur. Lakin İranın Bəlucistan vilayətindən sonra mərkəzi Urmiya olan Qərbi Azərbaycan yoxsulluq səviyyəsinə görə ölkədə ikinci yerdədir. Çirkin siyasətləri öz nəticəsini verib. Biz isə düşünürük ki, “Azadlıq, Ədalət, Milli Hökumət” bütün problemlərin çözüm yoludur”.

Teqlər: