14:23
1996-cı ildə “Azərbaycan Masası” adlı xüsusi bir qurum yaradan İran 3 min 500 casusu Azərbaycana göndərib. Yaxalanan bəzi casuslar öz cinayətlərini etiraf edib, 700 nəfər isə qaçıb.
AzerTimes xəbər verir ki, bu haqda Türkiyənin “Haber7.com” xəbər portalında yayımlanan “Qardaşa 3 min 500 casus yerləşdirilib. Tarixdə örnəyi yox” adlı məqalədə bildirilib.
Məqalədə casusların Azərbaycana sızdırılma əməliyyatının on dörd il davam etdiyi qeyd olunub:
“İran kəşfiyyatının Azərbaycanda ilahiyyat, siyasət, iqtisadiyyat, mədəniyyət, təhlükəsizlik, mülki və hərbi bürokratiya sahələrinə Tehrana xidmət etməsi üçün 3500 casus yerləşdirildiyi iddia edilib. Bu şəxslərin hamısı azərbaycanlı qadınlarla evlənərək Bakıya girib. Azərbaycan kəşfiyyatı 1997-2011-ci ildə xüsusi bir proqram çərçivəsində gerçəkləşən sızmanı təsbit edib və sorğulanan İran casusları cinayətlərini etiraf edib. İranın sızma hərəkatının aşkar olunması ilə 700 nəfər şiə casusun Azərbaycandan qaçdığı müəyyən olunub. Azərbaycan mənbələrindən əldə edilən məlumatlara görə, layihəyə 1996-cı ildə paytaxt Tehranda “Azərbaycan Masası” adlı xüsusi bir qurumun yaradılması ilə start verilib. Öncə İran kəşfiyyat xidməti “Şaziman-ı İttilaat” və SEPAH-ın ştatındakı 4000 casusu seçib və bu adamlara Azərbaycanın coğrasiyası, dili, mədəniyyəti ilə bağlı xüsusi təlim keçilib. Növbəti mərhələdə İranın Azərbaycandakı səfirliyindən Tehrana yaxın ailələrlə genişçaplı fəaliyyət aparılması istənilib. Sonra isə müəyyən edilmiş şəxslərlə əlaqə qurulub və evləndirmə mərhələsi həyata keçirilib”.
Məqalədə bunun tarixdə örnəyinin olmadığı vurğulanıb:
“Azərbaycanın təhlükəsizlik mənbələri tarixdə bu sızma layihəsinin başqa bir nümunəsinin olmadığını qeyd ediblər. Yaxalanan İran casusları sorğu zamanı həyat yoldaşlarını kataloqdan seçdiklərini deyiblər. İran casuslarının ilk işi azərbaycanlı həyat yoldaşlarının “rəhbər” kimi qəbul etdikləri ali rəhbəri Seyid Əli Xameneiyə biət etmələrini, etiqad məsələləri başda olmaqla, namaz və digər ibadətlərini şiələrdəki kimi yerinə yetirmələrini təmin etmək olub. Fərqli özünü gizlətmə yollarını tətbiq edən casuslar Azərbaycana yerləşdikdən dərhal sonra kəşfiyyat məlumatları toplamağa və bu bilgiləri Tehrana göndərməyə başlayıb. Azərbaycan qanunlarına görə evləndikdən beş il sonra əldə edilən vətəndaşlıq haqları ilə daha geniş imkanlara qovuşan İran casuslarının yerləşdirildikləri sahələrdə də dəyişikliklər edilib. Vətəndaşlıq haqqına sahib olanlar daha strateji sahələrə yönəldilib. Bəzi casuslar əllərindəki ciddi sərmayələrlə ticarət sahəsinə, digərləri isə mülki, hərbi, diplomatiya, siyasət, QHT, mədəniyyət və ilahiyyət kimi sahələrə sızıb”.
Araşdırmada Tehrandakı səfirliyimizdə terror aktı törədən Yasin Hüseynzadənin də həmin qrupun tərkibində olduğu vurğulanıb:
“Tehrandakı Azərbaycan səfirliyinə qanlı hücumu gerçəkləşdirən Yasin Hüseynzadənin də eyni qrupdan olduğu təsbit edilib. Onun Urmiyada kitabçılıq ilə məşğul olan qardaşı Rəhman Hüseynzadənin azərbaycanlı qadınların tələyə salınması məsələsində önəmli şəxslərdən olduğu və SEPAH-ın kəşfiyyatında xüsusi vəzifələr yerinə yetirdiyi məruzə edilib”.