İran-Azərbaycan-Gürcüstan vasitəsi ilə yeni dəhliz sınaq şəklində aktivləşdirilib

Xəbər - Elnur Bağışov – Trend:

Bu gün İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərindən İran-Azərbaycan-Gürcüstan vasitəsi ilə Fars Körfəzini Qara Dənizə birləşdirən yeni dəhliz sınaq şəklində aktivləşdirilib.

AzerTimes-ın məlumatına görə, bu dəhlizin aktivləşdirilməsi ilə əlaqədar keçirilən tədbirə İran, Azərbaycan və Gürcüstan rəsmiləri qatılıblar.

Tədbirdə çıxış edən İranın Yol və Nəqliyyat Təşkilatının beynəlxalq tranzit və nəqliyyat idarəsinin baş direktoru Cavad Hedayəti bildirib ki, bu dəhliz iqtisadi əlaqələrin inkişaf etdirilməsi və nəqliyyat əlaqələrinin qurulması məqsədilə bu gündən sınaq şəklində aktivləşdirilir.

“İran, Azərbaycan və Gürcüstan regionun üç önəmli dənizinin ətrafında yerləşdiyinə görə, bu dəhlizin əsas mərkəzləri hesab olunurlar. İranın cənubundakı limanlar, Azərbaycan və Gürcüstanın yol şəbəkəsinin potensiallarını nəzərə aldıqda, qeyd olunan ölkələr dəhlizi aktivləşdirməklə yükdaşıma, idxal, ixrac və tranzit sahələrində nəqliyyat sektorunun potensiallarından istifadə edəcəklər”, – deyə o bildirib.


İranlı rəsmi deyib ki, sınaq mərhələsi çərçivəsində yükdaşıma başa çatdıqdan sonra onun detalları haqda üçtərəfli iclas keçiriləcək və yükdaşımanın asanlaşdırılması istiqamətində tərəflər arasında razılaşma əldə olunacaq.

Hedayəti qeyd edib ki, dəniz nəqliyyatı və yükdaşımasının xərclərinin üç dəfə artdığını nəzərə aldıqda üç ölkənin sahib olduğu potensiallarla yaranmış bu fürsətdən maksimum şəkildə istifadə etmək lazımdır: “Cənub-Şərqi Asiya ölkələri və Hindistanın bu dəhliz vasitəsi ilə Avropanın şərqi və qərbinə birləşməsi ilə region ölkələri arasında quru yol nəqliyyatı əlaqələri daha da artacaq. Qısa müddət ərzində bu dəhliz vasitəsi ilə ildə 20 milyon ton yükdaşıma planlaşdırılır. 20 illik perspektivdə isə bu rəqəmi ildə 50 milyon tona artırmaq nəzərdə tutulub”.

Teqlər: