İran-Azərbaycan dəmiryol xətləri aktivləşdirilməlidir – Zərif

Xəbər - Elnur Bağışov – Trend:

İran və Azərbaycan arasında dəmiryol xətləri və sərhəd imkanları aktivləşdirilməlidir.

AzerTimes-ın məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Təbrizdə İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin valisi Məhəmməd Rza Purməhəmmədi ilə görüşdə deyib.

M.C.Zərifin sözlərinə görə, İran və Azərbaycan münasibətlərində yaranan fürsətdən istifadə etmək üçün aidiyyəti qurumlar və özəl sektor ciddi şəkildə səy göstərməlidir və İranın Xarici İşlər Nazirliyi bu sahədə əməkdaşlıq etməyə hazırdır.

Nazir əlavə edib ki, qonşu ölkələrlə ticarət və iqtisadi münasibətlərin inkişaf etdirilməsində Şərqi Azərbaycan vilayəti və Təbrizin önəmli rolu var.

İran xarici işlər naziri bir müddət öncə region ölkələrinə səfər etdiyini və Culfa sərhədi ilə yaxından tanış olduğunu deyib: “Potensial imkanlar, o cümlədən dəmiryolu xətti və sərhəd imkanlarının aktivləşdirilməsi İranın beynəlxalq dəhlizlərdə və region bazarlarında aktiv iştirakına şərait yaradacaq”.


Görüşdə İranın Şərqi Azərbaycan vilayətinin valisi Məhəmməd Rza Purməhəmmədi də bildirib ki, Xudafərin sərhəd terminalının istifadəyə verilməsi, Culfa-Naxçıvan dəmiryolu xəttinin yenidən fəaliyyətə başlaması İran və Azərbaycanın iqtisadi və ticarət münasibətlərini artıracaq: “Xüsusilə Culfa-Naxçıvan dəmiryolu xəttinin yenidən fəaliyyətə başlaması İranın qonşu ölkələr, Avrasiya bazarına çıxışı üçün zəruridir. Bununla əlaqədar Şərqi Azərbaycan vilayətinin aidiyyəti qurumları tərəfindən iqtisadi əsaslarla plan hazırlanıb”.

Şərqi Azərbaycan valisi qeyd edib ki, İran Azərbaycanla əməkdaşlıqların inkişafı istiqamətində azad olunan ərazilərin bərpa olunmasında aktiv iştirak etməyə hazırdır.

Qeyd edək ki, İranda Azərbaycanla ticarətin inkişafı komitəsi yaradılıb və bu komitəyə İranın Şərqi Azərbaycan vilayətinin valisi Məhəmməd Rza Purməhəmmədi təyin olunub.

Teqlər: