İranın təhlükəsizlik orqanları Azərbaycanla bağlı istənilən məlumatı əldə etmək, bütün sahələr üzrə informasiya toplamaq istəyirlər. Coğrafi, iqtisadi, siyasi, tarixi mövzuda fərq qoymadan, hər bir məlumatı öyrənirlər. Düşünürlər ki, Azərbaycan da bunlar kimi edir.
Bu sözləri AzerTimes-a açıqlamasında SEPAH-ın eks-polkovniki Əli Rzayi İranda casusluq anlayışının necə formalaşması barədə danışarkən deyib.
Onun sözlərinə görə, hər yerdə casus şəbəkəsini quran İran rejimi bu anlayışı Azərbaycana da şamil edir:
“İranın təhlükəsizlik orqanları bir neçə qrup var ki, onlara casus gözü ilə baxırlar. Azərbaycanlı xanımla evlənənlər, Azərbaycanda oxuyan iranlı tələbələr, ticarət məqsədi ilə tez-tez ölkədən çıxıb qayıdanlar, hətta Azərbaycanda həbsə düşən vətəndaşlar onlar üçün potensial casus hesab olunur. Düşünürlər ki, Azərbaycan bunlardan casus kimi istifadə edəcək”.
Azərbaycanda təhsil alan iranlı tələbələrin xüsusi risk qrupuna aid olduğunu deyən Rzayi onların SEPAH-ın daimi nəzarətində olduğunu bildirib:
“Doktoranturada təhsil alan iranlı tələbələrin müdafiə etdiyi elmi işlərin mövzusuna daha həssas yanaşırlar. Hesab edirlər ki, İsrail məlumat əldə etmək üçün bu mövzuları onlara qəsdən yönəldib. Onlar xarici qüvvələrin sifarişi ilə tələbələrin elmi işində İranın yolları, yeraltı obyektləri, idarələri haqqında məlumatın əks olunmasından ehtiyat edirlər”.
Polkovnik Azərbaycanda təhsil almış iranlı tələbənin ölkəsində başına gələn bənzər hadisədən də danışıb:
“Mən SEPAH-da işlədiyim zaman ərdəbilli bir xanım haqqında mərkəzə məlumat gəldi. Onun Azərbaycana işləməsindən şübhələnirdilər. Xanım su idarəsində işləyirdi. GİS (Coğrafi xəritələr üzrə informasiya sistemi) sistemində çalışırdı. Xəritələrlə bağlı məlumatları elektronlaşdırırdı. Öz elmi işini Azərbaycanda müdafiə etmişdi. Buna casus kimi baxırdılar. Mən imkan vermədim ki, onu tutsunlar. Çünki araşdırdım və Azərbaycan tərəfinin İranın coğrafi yerləri ilə bağlı hər hansı məlumat toplamadığını, xanımın da bu məqsədlə elmi iş yazmadığını öyrəndim. Bu xanım həqiqətən dünyanın hər yerində istifadə olunan adi bir xəritə hazırlamışdı”.