İran azad olunan Azərbaycan ərazilərində yaxın məkanda bazar yaradır

Xəbər - Elnur Bağışov – Trend:

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir.

Bunu AzerTimes-a açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib.

Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətində sənaye sektoru və tikinti materiallarının istehsalı üzrə yetərincə potensial mövcuddur. Azərbaycanın azad olunmuş ərazilərində quruculuq işlərində Şərqi Azərbaycan vilayətinin şirkətləri iştirak edə bilərlər. İran şirkətləri bu ərazilərdə quruculuq işlərinin həyata keçirilməsinə maraq göstərirlər.


Cahangiri əlavə edib ki, Azərbaycanda baş tutan görüşlərdə müzakirə olunan məsələlərdən biri azad olunan ərazilərin yaxınlığında tikinti materialları bazarının yaradılmasıdır. Belə ki, bu bazar vasitəsi ilə daşıma xərclərinin minimuma enəcəyi hesab edilir. Təbii ki, həm Azərbaycan tərəfi, həm də İran tərəfi bununla əlaqədar araşdırmalar aparacaqlar.

İranlı rəsmi deyib ki, bölgədə yaranan yeni reallıqdan sonra İran iş adamları, eləcə də Azərbaycan iş adamları qarşılıqlı imkanların yarandığını bilirlər və bu çərçivədə əlaqələri inkişaf etdirmək niyyətindədirlər.
Cahangiri bildirib ki, bundan başqa İranın sənaye məhsullarının noyabr ayında Bakıda keçiriləcək sərgidə nümayiş etdirilməsi ilə bağlı işlər aparılır.

Teqlər: